Mədəniyyət inklüziv olmaya bilməz. İrticaçı, bolşevik təfəkkürlü, sinif, sosial təbəqə ayrımı mədəniyyət fəaliyyəti adı ilə əlaqələndirildiyi an orada üstüörtülü, böyük problemlər var deməkdir. Bu zaman kitab mövzusu və savadlılıq da həmin o sosial təbəqələşmə, nepotist ayrıseçkiliyin alətinə çevrilmiş olur. Axı, kitab hansısa məqsədlərin aləti olanda məqsəd savadlılıq ola bilməz.
Ötən gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo mərkəzində 12-ci Bakı beynəlxalq kitab sərgisi başladı. Bundan əvvəl də olduğu kimi bu sərgidə də Kitabıstanın iştirakına imkan verilmədi. Əslində bu ənənə 2024-cü ildən başlayıb. Bundan əvvəl də problemlər var idi. Amma belə açıq qərəzlilik nümayiş etdirilməmişdi. Heç biz də gördüyümüz hər yanlışı müzakirə predmetinə çevirməmişik. Adil Kərimli Mədəniyyət Nazirliyində cəmləşən çevrələşmə və inhisarlaşma təfəkküründən nazirliyi təmizləyə bilməyən 3-cü nazirdir. Görünən odur ki, xələflərindən fərqli heç bir dəyişiklik etməyə nail olmadı. Əlbəttə siyahıları nazir hazırlamır. Bu, şöbə müdirləri, onların əvəzedilməz müavinlərinin işidir. Onlar isə öz işlərini çox “mükəmməl” görürlər. Siyahı hazırlayırlar, özləri ilə anlaşması, dostluğu, tanışlığı, simsarlığı olan hər kəsi siyahıya toplayır, cəmiyyətin gözündən pərdə asmaq üçün də 2-3 tanınmışı, sosial şəbəkələrdə izləyici kütləsi olan adamları əlavə edib, gətirib qoyurlar nazirin stoluna. Nazir də göz gəzdirib imzalayır. Problem də buradadır. Sorğulamaq olmazdımı “burada fəaliyyəti, nailiyyəti olan bütün nəşriyyatlar təmsil olunur?” Sorğulayan olmayanda nazirlərin əvəz olunub-olunmamasından şöbə müdirlərinə nə? Onlar illərlə həmin dövlət qurumunu “çək-çevir” edib, hər imkandan yararlana bilirlər.
Nümunə çəkim. 2021-ci ildə Kitabıstan Mədəniyyət Nazirliyinə bölgələrdə, həmçinin maddi imkanları məhdud olan vətəndaşlar üçün kitabların əlçatan olmasından ötrü təklif vermişdi. Orada aidiyyatı şöbənin müdiri gülümsəyə-gülümsəyə bildirmişdi ki, əsas bizim fikrimizdir. Baxaq görək… Yəni nazirin nə fikri olasıdır, necə təqdim eləsək, elə olacaq. Biz də bununla bağlı nazirin adına məktub yazmışdıq. Nazirə göndərdiyimiz məktubumuz da göndərdiyimiz təklif kimi gedər-gəlməz yoluna getdi. Çünki təqdimatı hazırlayan və nazirlər dəyişsə də, dəyişilməz qalan onlardır. Düz deyirdilər. Axı nazir kabinetində təkcə “təşəkkür”, “minnətdarlıq” eşitməklə motivasiya almalı deyil və real vəziyyəti kimlərinsə sosial şəbəkələrdəki lobbi fəaliyyəti ilə qiymətləndirməli də deyil. Belə olanda “Nazirin könlü xoş olsun, biz də işimizi görək” məntiqi ilə yaşayanlar əvəzolunmaz olacaq. Nazirlər isə gəlib-gedəcək.
Gəlin, bir də belə baxaq. Mədəniyyət naziri Azərbaycanda ən böyük kitab təqdimatlarını təşkil edən nəşriyyatlardan birinin də Kitabıstan olduğunu bilməli deyildimi? Məsələn, Kitabıstanın İsveç Kral Elmlər Akademiyasının üzvü professor Henrik Meynanderin, yaxud İsveçrənin Lozanna və Bern universitetlərinin professorları Şon Müller və Vulf Linderin kitablarını tərcümə etdiyini və müəlliflərin oxucularla görüşünü təşkil etdiyini bilməli deyildimi?
Tədbir keçirirlər, əla. Adını beynəlxalq kitab sərgisi qoyurlar. Bu da möhtəşəm! Amma nazir bilməli deyildimi, son 30 ildə Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi Xose Borginonu Azərbaycana dəvət edən və konfransını təşkil edən məhz Kitabıstan olub? Maarifçilik və kitab tərcüməsi, nəşrinə dair etdiklərimizi burada sadalamaq fikrim yoxdur. Amma bütün bu görülən işlərə “görmürəm, eşitmirəm, bilmirəm” məntiqi ilə yanaşmaq idarə etdiyin qurumda sənə real məlumat verən bir adamın belə olmadığını göstərir. Nazirlərin şöbə müdirləri tərəfindən idarə olunmasıdan isə təkcə nazir əziyyət çəkmir, həm də onlarla kitabxana, öz əməyi ilə çalışan və nəşr etdiyi kitablar nazirlik tərəfindən alınmayan nəşriyyatlar əziyyət çəkir. Belə olanda rəhbər kim olur?
Bu fəaliyyətlə siz Azərbaycanda kitab oxumaq vərdişini, kitabın əlçatımlılığını yaratdığınız ayrıseçkilik mühüti ilə təşviq etmirsiniz, öldürürsünüz.
Əslində, görünən odur ki, dövlət büdcəsindən böyük vəsaitlər ayrılır. Amma demək olarmı ki, Mədəniyyət Nazirliyi bu imkanları doğru istiqamatə yönləndirib?
Heç zənn etmirəm və təəsüf ki, hüquq təhsili almış, vəkil fəaliyyəti ilə məşğul olmuş mədəniyyət naziri Adil Kərimli də, rəhbərlik etdiyi bu qurumda Konstitusiyanın 25-ci maddəsini təmin edə bilmədi.
İndi sual budur: Nəşriyyatlardan aldığınız və kitabxanalara göndərdiyiniz kitabların məzmunu əsasən nə ilə bağlıdır? Azərbaycan vətəndaşları üçün dünyanı tanımaq, savadlanmaq və dünyəvi düşüncəni mənimsəmək baxımından nə qədər faydalıdır?
İctimai müzakirələrə ehtiyac var.
Şəhriyar Məcidzadə










