
Adanada dərsin bitməsinə 5 dəqiqə qalmış, sinifdən çıxmaq istəyən 16 yaşındakı Ö.Y., müəllimin icazə verməməsinə hirslənib, özünü 2-ci mərtəbənin pəncərəsindən atıb.
Gununsesi.info-nun “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, Mərkəz Seyhan İlçəsi Aydınlar məhəlləsindəki İMKB 24 noyabr Anadolu Liseyinin 10-cu sinif şagirdi, kikboksinqlə məşğul olan Ö.Y., saat 13.00 radələrində dərsdən çıxmaq üçün müəllimdən icazə istəyib.
Hələlik adı açıqlanmayan müəllimin isə “Dərsin bitməsinə 5 dəqiqə var, yerində otur” deyə şagirdinə cavab verib. Bundan sonra Ö.Y., parta arxasına keçib və özünü 2-ci mərtəbənin pəncərəsindən atıb. Yaralanan şagird təcili yardımla Adana Dövlət Xəstəxanasına çatdırılıb. Ayaqları üstünə düşən şagirdin hər iki qıçında çoxlu sayda sınıqların olduğu müəyyənləşib.
Qeyd edək ki, artıq hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başlanılıb. Şagird ilkin ifadəsində bunları deyib: “Müəllim dərsdən çıxmağıma icazə verməyincə canım sıxıldı, əsəbləşdim. Pəncərə də açıq idi. Hava almaq üçün başımı çölə uzatdım, lakin birdən müvazinətimi itirib düşdüm”.
Gununsesi.info











