
“Əgər həbs olunan şəxslərin cinayətləri sübut olunarsa, onda onlara ən ağır cəza verilməlidir. Dövlətinə, Vətəninə, xalqına xəyanət edən şəxsə, kimliyindən asılı olmayaraq güzəşt ola bilməz və o, ən ağır cəza ilə cəzalandırılmalıdır”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bir qrup hərbçimizin və mülki şəxslərin düşmən kəşfiyyatı ilə iş birliyində olması ilə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı bəyanata mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, belə şəxslərə mövqeyi birmənalıdır: “Kimliyindən asılı olamayaraq düşmənlə əməkdaşlıq edən, dövlətinə, xalqına xəyanət edən adama güzəşt olmamalıdır. Onlara ən ağır cəza verilməlidir. Əgər Azərbaycanda edam və ya güllələnmə cəzası olsaydı, mən onların edam və ya güllələnməsini təkid edərdim”.
E.Məmmədov bildirib ki, əks-kəşfiyyat, təhlükəsizlik qurumları işlərini davam etdirməlidir. “Çünki biz müharibə şəraitində olduğumuzdan dövlətin təhlükəsizliyinin, milli təhlükəsizliyin təmin olunması baxımından bu addımlar daha intensiv surətdə aparılmalıdır. Düzdür, bu işlər aparılır, ancaq ayıq-sayıqlığı əldən vermək olmaz”- deyə, o, vurğulayıb.
Millət vəkili əlavə edib ki, işlər davam etdirilməlidir, çünki ola bilsin bu qrup şəbəkə halında fəaliyyət göstərir: “Hesab edirəm ki, bütün suallara istintaq aydınlıq gətirəcək. Xəyanəti sübut olunan şəxs ən ağır cəza alacaq”.
Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağı da həyata keçirilən əməliyyatı təqdir edərək bildirib ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində xəyanətkar dəstənin hansısa təxribatlar törədilməsinin qarşısı alınıb: “Ona görə də nəzarət gücləndirilməlidir. Bu şəxslər Bakıda hər hansı təxribat törədə bilərdi”.
QAT sədri hesab edir ki, belə xəyanətkarlıqların və ya təxribaçı hərəkətlərin birdəfəlik qarşısının alınması üçün torpaqlarımızın işğaldan azad olunması istiqamətində müharibəyə başlamalıyıq.
Mürtəza
Gununsesi.info











