“ÜAK-ın bağlanması məsələsi Rusiyanın Azərbaycana təzyiq vasitəsidir” - ASİM MOLLAZADƏ

  • By admin
  • 13 May 2017 12:25

Asim Mollazade

Rusiyada fəaliyyət göstərən ən böyük Azərbaycan diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə bağlı mayın 15-də keçirilməsi gözlənilən məhkəmə prosesi Azərbaycan cəmiyyətində ciddi rezonansa səbəb olub. Bununla bağlı hətta Azərbaycanda fəaliyyət göstərən Rus icması da Rusiyanın bu qərarına sərt formada etiraz edib.

ÜAK-la bağlı məsələyə mövqeyini bildirən millət vəkili Asim Mollazadə Gununsesi.info-ya açıqlamasında deyib ki, Moskvanın məsələyə yanaşma tərzi düzgün deyil və bu, haqsız, ədalətsiz yanaşmadır: “Hesab edirəm ki, ÜAK-ın bağlanması ilə bağlı məsələnin gündəmə gətirilməsi və məhkəmə prosesinin təşkil edilməsi Azərbaycana qarşı təzyiqin bir formasıdır. Rusiyanın hansı planı vardırsa, bu yolla Azərbaycana təzyiq edib, mövqeyini diqtə etmək istəyir”.

Deputat bildirib ki, Rusiyanın ÜAK-la bağlı qərarı ümumiyyətlə beynəlxalq prinsiplərə və qaydalara zidd olan haldır. “Bu hadisə bir daha Rusiya daxilində milli və dini azlıqlara qarşı haqsız və ədalətsiz münasibətin göstəricisi kimi dəyərləndiriləcək. Rusiyanın ÜAK-a qarşı bu niyyətinin arxasında, qurumu öz nəzarəti altına alması durur. Bu yolla Rusiya Azərbaycana qarşı təzyiq etmək istəyir”- deyə, o, vurğualyıb.

A.Mollazadə hesab edir ki, ÜAK-dan sonra belə hallar digər milli və dini azlıqlara qarşı təqibləri davam etdirləcək: “Kim ki, Rusiyanın diqtəsi ilə hərəkət etmir, o, ölkənin Rusiyada fəaliyyət göstərən milli və dini azlıqlara qarşı belə təzyiqlər olacaq”.

Rusiya məhkəməsinin ÜAK-ın ləğvi ilə bağlı qərar çıxarması iki ölkə arasındakı münasibətlərə hansı formada təsir edəcəyi ilə bağlı məsələyə gəldikdə isə deputat deyib ki, bu, ilk növbədə Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vuracaq: “Bu hadisə Rusiyanın öz vətəndaşlarına qarşı diskriminasiya siyasətinin bariz göstəricisi kimi dəyərləndiriləcək”.

Mürtəza

Gununsesi.info