
Bakının təmkinini pozmadan Moskva ilə münasibətlərini dialoq yolu ilə bərpa etmək istəyi hələlik nəticə vermir. Əksinə, Bakının bu təmkinli siyasətinin əvəzində Kremlin ardıcıl çoxkombinasiyalı təzyiqlərinin şahidi oluruq. Bu Rusiyada ÜAK-ın ləğvi ətrafında yaranan məsələdə, iqtisadi və daha çox Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində özünü daha bariz formada büruzə verməkdədir.
Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun həmsədrliyində və münaqişənin həllində əsas rol oynayan ölkələrdən biri olsa da, Kreml bu vasitəçilik missiyasının ruhuna uyğun olmayan siyasət yürütməklə məşğuldur. Belə ki, münaqişənin sülh yolu ilə beynəlxalq hüquqa söykənən prinsiplər əsasında deyil, öz maraqları baxımından həll etməyə üstünlük verir. Və bununla da beynəlxalq vasitəçilik missiyasının prinsiplərinə zidd hərəkət etmiş olur.
Uzağa getmədən Kremlin Qarabağ cəbhəsində baş verən gərginlik zamanı sərgilədiyi mövqe bunun sübutudur. Moskva cəbhə xəttində gərginliyin yaranmasında və təxribatların baş verməsində işğalçı Ermənistanı itiham etmək, ona yerini göstərmək əvəzinə Azərbaycan tərəfi qınaq obyekti seçildi. Bununla da münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən ölkələr İrəvanın işğalçılıq siyasətinə dəstək verməklə işğalçılığı təşviq etmiş oldular.
Bütün yaranmış bu durum bir suala; – Kreml nə istəyir, məqsədi nədir sualına cavab istəyir. Kreml Qarabağ cəbhəsində vəziyyəti gərginləşdirməklə, İrəvan vasitəsi ilə Azərbaycanı təxribata çəkib etməklə hansı niyyətini reallaşdırmaq istəyir? Bölgədə müharibəni alovlandırmaq yoxsa, sülh və yaxud Azərbaycanı nəyəsə vadar etmək?
Müharibə ehtimalı böyük olsa da, bu, Kremlin maraqlarına o qədər də cavab vermir. Çünki müharibənin alovlanmasının hansı nəticələrə gətirəcəyini proqnozlaşdırmaq çətindir. Bu təkcə iki ölkə arasında deyil, region və hətta qonşu regionu da öz cənginə ala bilər. Kreml bu amili bilir və məsələyə ehtiyatla yanaşır. Ancaq lokal hərbi qarşıdurmalardan Kreml yararlana bilər. Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq üçün müxtəlif təxribat xarakterli addımlar ata bilər və bu, istisna deyil. Bu yolla hər iki tərəfə təzyiq etməklə niyyətinə çata bilər.

Odur ki, Kreml bu planlarını bölgədə reallaşdırmaq üçün tələsir. Buna səbəb isə xüsusən Yaxın Şərq və Şərqi Avropada yaranmış geosiyasi durumdan, o cümlədən Türkiyənin üzləşdiyi izolyasiya siyasətindən yararlanıb basqılar yolu ilə Qarabağ münaqişənin həlli ilə bağlı təşəbbüsü tam nəzarətinə keçirmək istəyir. Çünki Kremlin təşəbbüsü ilə həyata keçirilən danışıqlar və bu danışıqlarda irəli sürülən təkliflər, şərtlər Azərbaycanın maraqlarına cavab vermədiyindən, Bakı bu təkliflərdən imtina edir. Ona görə imtina edir ki, irəli sürülən şərtlər Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə cavab vermir. Bakının müqaviməti isə Kremlin xoşuna gəlmir. Bu da Kremlin vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesinin fiaskosu deməkdir. Danışıqların fiaskoya uğraması isə Kremlin beynəlxalq vasitəçilik imicinə mənfi təsir göstərir. O baxımdan da Kreml Azərbaycana pressinqi artırır.
Kremlin Azərbaycana qarşı pressinqini artımasına səbəb olan digər amillərdədn biri də, Bakının bölgədə həyata keçirdiyi iqtisadi, enerji, kommunikasiya layihələrini əngəlləməkdir. Bu baxımdan Moskva Azərbaycana qarşı çoxkombinasiyalı taktikadan istifadə edərək çeşidli təzyiqlərini davam etdirir.
Kremlin təzyiqləri üçün münbit beynəlxalq mühit yaranıb. Yaxın Şərqdə, Şərqi Avropada yaranmış geosiyasi durum Kremli belə tələskənliyə vadar edir. Belə ki, bölgədə maraqları olan Qərbin başı hazırda Yaxın Şərqə və Şərqi Avropaya qarışdığından Qafqaz arxa plana keçib. Azərbaycanın ən yaxın müttəfiqi Türkiyənin isə üzləşdiyi durum da Kremlin bölgədə revanş siyasətini sürətləndirməyə əsaslandıran şərtlərdən biridir. Çünki Türkiyənin bu gün başı özünə qarışıb və beynəlxalq aləmdə təklənmiş bir vəziyyətdədir. Türkiyənin bu gün üzləşdiyi durum 100 il bundan öncənin Osmanlının parçalanması və yerində Mustafa Kamalın liderliyi altında yeni Türkiyə Cümhuriyyətinin yarandığı illəri və üzləşdiyi vəziyyəti xatırladır. Bu gün Qərb və digər düşmənləri tərəfindən Türkiyəyə qarşı hərtərəfli basqılar altında ancaq özünü müdafiə sistemini təşkil etməyə vadar edib. Türkiyə üzləşdiyi çətinliyə baxmayaraq, Azərbaycana bacardığı dəstəyi verir, ancaq bu yetərli deyil. İrəvan və Kreml də bunu yaxşı anladığından yaranmış durumdan yararlanaraq niyyətlərini həyata keçirib bölgədə mövqelərini bacardığı qədər möhkəmləndirməyə çalışır. Ona görə də Bakı Kreml tərəfindən Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə zidd şərtlərin qəbul edilməsinin qarşısının alınması üçün müqavimət gücünü davam etdirməli və bu gücü artırmaq üçün ictimaiyyətin dəstəyindən istifadə edilməlidir. Cəmiyyətin müqavimətini təşkil etmək üçünsə mümkün müxtəlif metod və taktikalardan istifadə olunmalıdır. İctimai müqavimətin təşkil olunması ilə Azərbaycana qarşı təhdidlərin, milli maraqlara uyğun olmayan şərtlərin qəbul olunmasının qarşısını ala bilərik. İctimai müqavimətlə prosesi geosiyasi durumun xeyrimizə dəyişənədək davam etdirlməsinə nail ola bilərik. Odur ki, təxirə salınmadan bu istiqamətdə işlərə başlanılmalıdır. Bununla paralel olaraq güclü cəmyyətin formalaşdırlması üçün kompleks islahatlar həyata keçirilməlidir.
Burada digər bir məqam isə diplomatik aktivlik sürətləndirilməli və baş verən proseslərlə bağlı diplomatik kanallar vasitəsi ilə beynəlxalq aləm məlumatlandırılmalıdır. Bu yolla qaneedici səviyyədə olmasa da, beynəlxalq dəstəyə nail olmaq olar.
Mürtəza Bünyadlı
Gununsesi.info










