
Sumqayıt şəhərində yerləşən “İdrak” liseyində və bu liseyin Bakı filialında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbirlər keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, hər iki təhsil müəssisəsinin rəhbərliyinin, müəllim və şagirdlərin qatıldığı həmin tədbirlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Müqalib Mahmudov və Rəşad Novruzov müvafiq olaraq iştirak ediblər.
Tədbirlərdə iştirak edən şagirdlər müxtəlif fənlər üzrə təqdimatlar etmiş, qonaqlardan ibarət tərkibdə yaradılmış münsiflər heyəti tərəfindən həmin təqdimatlar qiymətləndirilmiş, proqram üzrə şeir və mahnılar dinlənilmiş, istedad və bacarıqlar nümayiş etdirilib.
Aparatın əməkdaşları çıxış edərək tədbir iştirakçılarını Ombudsman Elmira Süleymanovanınadından salamlamış, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və qarşıdan gələn 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, xoş arzularını bildiriblər.
Onlar ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük diqqətindən söz açaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışmış, digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyi, bu sahədə genişmiqyaslı işlər haqqında məlumat veriblər.
Dövlət başçısının 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd edildiyini və bu il həmin Sərəncamın imzalanmasının 10 ilinin tamam olduğunu, həmin əlamətdar tarixlə əlaqədar ənənəvi olaraq, bu il də Ombudsmanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı”nın elan olunduğunu və bu çərçivədə uşaq hüquqları ilə də bağlı silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.
Müvəkkilin insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsindəki fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilmiş, Ombudsmanın təşəbbüsü ilə respublikamızda hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək “Uşaq hüquqları aylığı”nın da keçirildiyi, bununla əlaqədar bir sıra hüquqi maarifləndirmə tədbirlərinin təşkil olunduğu vurğulanıb.
Ombudsmanın təşəbbüsü və Təhsil Nazirliyi ilə razılaşma əsasında paytaxt Bakıda və respublikanın regionlarında şagirdlərin iştirakı ilə uşaq hüquqları üzrə pilləli tədris proqramının uğurla həyata keçirildiyi, fərqlənmiş şagirdlərin Ombudsman tərəfindən sertifikatla təltif edildiyi qeyd olunub.
Bundan əlavə Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində Liderlik məktəbinin fəaliyyəti, oradakı uşaqların vətənpərvərlik ruhunda tərbiyə almaları, uşaq hüquqları ilə bağlı tədbirlərin təşkil olunduğu da bildirilib.
Tədbir başa çatdıqdan sonra lisey rəhbərliyi Aparatın əməkdaşlarını tədris müəssisəsinin maddi-texniki bazası, o cümlədən fənn kabinetləri, yeməkxana, idman zalı, habelə tədris müəssisəsinin yeni yaradılan elektron dərs portalı ilə tanış edib.
Gülnaz Qənbərli
Gununsesi.info












