Qarabağ müharibəsi veteranlarını döyənlərin işində hər hansı irəliləyiş yoxdur - "HÜQUQ-MÜHAFİZƏ ORQANLARI HADİSƏYƏ BİGANƏ YANAŞIR"

  • Müəllif: admin
  • 04 Sentyabr 2017 11:20

FILE-20170903-1515XVFY6TEVQ3RA

Hadisədən 9 gün keçməsinə baxmayaraq məhkəmə-tibbi ekspertizanın əməkdaşları döyülən Cahandar və Vüqar Abbasov qardaşlarını döyülmə faktı ilə bağlı ekspertizadan keçirməyib.

Bu barədə Gununsesi.info-ya Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinın sədri, döyülən şəxslərin bacısı Radə Abbasova məlumat verib.

R.Abbasovanın sözlərinə görə, məhkəmə-tibbi ekspertizanın əməkdaşlarına hadisənin isti-isti araşdırılması ilə bağlı müraciət edilsə də, qarşı tərəf məsələyə biganə yanaşıb və vaxtında xəstəni ekspertizadan keçirib rəy hazırlamaq üçün hadisə yerinə gəlməyib: “Biz onlardan öz vəzifələrini yerinə yetirmələrini tələb edəndə və bildirəndə ki, artıq xəstə düşdüyü ağır vəziyyətdən çıxdıqdan və zədələri sağaldıqdan sonra sizin rəyiniz kimə lazım olacaq, o zaman məhkəmə-tibbi ekspertizanın əməkdaşı deyib ki, biz həkimlərin xəstəlik tarixçəsinə əsasən rəy hazırlayacağıq”.

Hüquq-mühafizə orqanlarının hərəkətsizliyindən narazı olan R.Abbasova deyib ki, polis hadisə ilə maraqlanmır: “Müstəntiq indiyədək xəsarət alan Cahandar və Vüqarı dindirməyib. Tələb edilsə də, nəticəsi olmayıb. Bundan əlavə, döyülən şəxslərin əmlakı olan avtomobilə də ciddi ziyan dəysə də, bununla maraqlanan yoxdur. Ümumiyyətlə, hüquq-mühafizə orqanları, xüsusən də polis hadisəyə çox biganə yanaşır”.

R.Abbasova bildirib ki, məsələ ilə bağlı Respublika Baş Prokurorluğu, Yasamal Rayon Prokurorluğuna rəsmi müraciət edilsə də, nəticə yoxdur.

Onun sözlərinə görə, işin gedişində yaranmış vəziyyətlə bağlı Yasamal Rayon Prokurorluğuna rəsmi müraciət hazırlanıb və bu gün təqdim ediləcək. “Bundan əlavə, hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə rəsmi müraciət edəcəyəm. Artıq müraciət hazırlanır və bu gün, sabah ölkə başçısına rəsmi müraciət ünvanlanacaq”- deyə, QHT rəhbəri qeyd edib.

Nəzərinizə çatdıraq ki, döyülən iki qardaş Vüqar və Cahandar Abbasov Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi sədri, ictimai fəal Radə Abbasovanın qardaşlarıdır. R.Abbasova özü Qarabağ müharibəsinin ən ağır dövrlərində 1991- 1996-ci illərdə uzun müddət Qarabağda, xüsusən də Ağdamdakı hərbi qospitalda şəfqət bacısı işləyib. Ən ağır döyüş şəraitindən yaralıların cəbhə bölgəsindən çıxarılmasında yaxından iştirak edib.

Sözügedən hadisə isə 27 avqust 2017-ci il tarixində saat 11 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi 161 saylı binanın qarşısında baş verib. Belə ki, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi üçün ofis təmir etmək məqsədi ilə inşaat materialı almaq istəyən Abbasov Cahandar Sabir oğlu və Qarabağ müharibəsi veteranı Abbasov Vüqar Sabir oğlunu binanın 20 nəfər sakini vəhşicəsinə döyüb və maşınlarına cidd xəsarət yetiriblər. Ağır bədən xəsarətləri alan Cahandar Abbasov təcili yardım maşını ilə 1 saylı Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Həkim müayinəsi zamanı Cahandar Abbasovun qapalı kəllə beyin zədəsi, ağır baş-beyin silkələnməsi, almacıq sümüyünün yerdəyişmiş sınığı, sol gözün altında kəsilmiş əzilmiş yara, sağ qabırğanın sınığı və bədənə dəymiş zədələr nəticəsində bədəndə çoxsaylı göyərtilərin olduğu qeydə alınıb.

Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsinə və 29 saylı polis bölməsinə dəfələrlə edilən müraciətlərə baxmayaraq, işin gedişində hər hansı yenilik yoxdur. QHT rəhbəri deyib ki, polis ümumiyyətlə işə dırnaqrası yanaşır.

Mürtəza

Gununsesi.info