“Rövşən Əhmədov intihar görüntüsü yaradaraq məhkəməyə təzyiq göstərmək istəyir” - VƏKİL CEYHUN YUSİFOV

  • Müəllif: admin
  • 25 Dekabr 2017 15:00

“Harda görünüb ki, kimsə 4 ədəd yuxu dərmanı qəbul edərək intihar etsin? O, sadəcə məhkəmədən bir neçə saat əvvəl şou quraraq, ictimaiyyətin diqqətini özünə cəlb etmək istəyib. Başa düşmürəm səhiyyə dəlini ağıllı etməklə məşğuldur, ya ağıllını dəli eləməklə? Mən hesab edirəm ki, dəlini ağıllı edərlər”.

Bu haqda Gununsesi.info-ya Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun intihara cəhd etməsi barədə yayılan məlumata münasibət bildirərkən belə deyib.

Məlumata görə, dekabrın 21-də R.Əhmədov yaşadığı evdə dərman içib. Ailə üzvləri onu 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıblar. R.Əhmədov hazırda xəstəxananın Toksikologiya Mərkəzində müalicə olunur. Onun komada olduğu bildirilir. Məlumata görə, R.Əhmədovun cibindən məktub çıxıb. O, məktubda qeyd edib ki, yenidən həbsxanaya getmək istəmir.

Hadisə ilə bağlı saytımıza açıqlama verən Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov bildirdi ki, R.Əhmədov məsuliyyətdən yayınmaq üçün növbəti dəfə belə şou düzənləyib. Səhiyyə naziri Oktay Şirəliyevə müraciət ünvanlayan vəkil bildirib ki, bu qabaqcadan düşünülmüş ssenaridir: “Cənab Oktay Şirəliyev, bu qanunsuz hərəkətin qarşısını alın. Bu işin arxasında Fuad dayanır. Ssenarinin icraçısı da 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) baş həkimi Ədalətdir. Artıq Rövşən Əhmədovun Çingiz Baxşıyevə və qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya məxsus qızıl-zinət əşyalarını mənimsəməsi tam sübuta yetirilib. Ona görə də, belə bir şouya əl atıb. 4 ədəd yuxu dərmanı atıb ki, guya intihar edir. Harda görünüb ki, kimsə 4 dənə yuxu dərmanı ataraq intihar etsin? O, sadəcə şou tərtib edərək ictimaiyyətin diqqətini özünə cəlb etmək, qarşı tərəfi ittiham obyektinə çevirmək və beləliklə də, məsuliyyətdən yayınmaq istəyir. İnanmayanlar, xəstəxana ilə əlaqə saxlaya bilərlər”.

Ceyhun Yusifov bildirib ki, prosesin gedişində R.Əhmədovun əməlləri ifşa olunub, onun ittiham edilən cinayət üzrə təqsirli olduğu sübuta yetirilib: “R.Əhmədov da əməllərinin sübuta yetirildiyini gördüyündən, intihar görüntüsü yaradaraq, məhkəməyə təzyiq göstərmək istəyir. Bu isə yolverilməzdir. Niyə məhkəmənin qərarını dinləməkdən qorxur? Məhkəmənin obyektivliyinə niyə şübhə edir? Axı bu məhkəmə bir dəfə ona bəraət verib. O zaman məhkəmə obyektiv qərar çıxarırdı, indi qeyri-obyektiv? Bu cür üsullarla məhkəmənin qərarlarına təsir etmək olmaz. R.Əhmədov hansı əməlləri törətdiyini hamıdan yaxşı bilir. Ona görə də narahatdır”.

Ceyhun Yusifov qeyd edib ki, Rövşən Əhmədov bu cür şoularla məsuliyətdən yayına bilməz: “Ona görə də, mən bir vəkil kimi məsləhət bilirəm ki, belə ucuz şoulara əl atmaqdansa, gətirib Çingiz Baxşıyev və ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarını geri qaytarsın”.

Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyev, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın əmlaklarını mənimsəmədə ittiham edilib. İttihama aktına əsasən o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib. 2016-cı ilin aprelin 18-də R.Əhmədova qarşı Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonradan cinayət işinin istintaqının davam etdirilməsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona CM-in 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Gülnaz Qənbərli

Gununsesi.info