
2017-ci ili başa vurmağa artıq saylı günlər qalıb. Geridə qoyacağımız bu il Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial həyatında özünəməxsusluğu ilə yadda qaldı. Dünyada davam etməkdə olan istər qlobal iqtisadi-maliyyə böhranı, istərsə də dünyanın müxtəlif bölgələrində hökm sürən münaqişələr Azərbaycana təsirsiz ötüşmədi. Lakin bu təsirlər bank sektorunu çıxmaq şərti ilə Azərbaycanda ciddi sarsıntılar yaşatmadı. Bank və maliyyə-kredit sahəsində yaşanan durum ümumilikdə ölkənin maliyyə bazarına öz mənfi təsirini göstərdi. Nəticədə bir neçə bank bağlandı. Bu böhran həll olunmamış qalaraq 2018-ci ilə keçdi.
Buna baxmayaraq, 2017-ci il Azərbaycan üçün gələcək iqtisadi inkişaf və təhlükəsizliyi, regional və regionlararası əməkdaşlıq baxımından çox mühüm hadisələrlə də yadda qaldı.
Tranzit yükdaşımalar sahəsindəki layihələr
Azərbaycan müasir dövrün çağırışlarına uyğun olaraq adekvat reaksiya verərək, enerji və kommunikasiya sahəsində olduğu kimi tranzit yükdaşıma sahəsində də təşəbbüsü ələ alaraq bölgədə regionlararası layihələr reallaşdırmağa başladı. Bu məqsədlə Azərbaycan başlatdığı Bakı-Tiflis-Qars dəmiryol xəttini başa çatdırmaq istiqamətində səylərini artıraraq, bu dəmiryol xəttinin rəsmi açılışına nail oldu. Logistik layihələrin reallaşdırılması nəticəsində “Şimal-Cənub”, “Qərb-Şərq”, “Qərb-Cənub” beynəlxalq nəqliyat dəhlizi layihələrinin reallaşdırılması istiqamətində təşəbbüsü ələ alaraq aktiv fəaliyyətə başladı. Bununla da Azərbaycan enerjidaşıyıcılar sahəsində olduğu kimi, logistik sahədə də bir mərkəzi xaba çevrilmiş oldu. Logistik layihələrin icrası nəticəsində Azərbaycan Uzaq Şərq, Cənub-Şəqr ölkələrində qərbi və şimali Avropayadək dəmiryol xəttlərini birləşdirmiş oldu. Bu layihələrin reallaşması bir daha Azərbaycanın regional və beynəlxalq aləmdəki əhəmiyyətini və rolunu artırmış oldu. “İpək yolu” layihəsi çərçivəsində “Şərq-Qərb” nəqliyyat dəhlizinin bərpası Azərbaycan iqtisadiyyatının digər sahələrinin inkişafına, xüsusən də dəniz yük daşımaçılığının artımına öz töhfəsini vermiş oldu.
Digər mühüm hadisə “Şimal-Cənub” nəqliyyat dəhlizinin rellaşdırılması istiqamətində Azərbaycanın dəmiryol sisteminin İran dəmiryol sisteminə birləşdirilməsi oldu. Xüsusən də Naxçıvan-Məşhəd dəmiryol xətti layihəsinin reallaşdırılması uzun müddət blokada şəraitində olan Naxçıvanı blokadadan qaldırmış oldu. “Şimal-Cənub”, “Şəqr-Qərb”, “Qərb-Cənub” layihələri, eyni zamanda bu layihələr çərçivəsində Astara-Astara, Naxçıvan-Məşhəd, Bakı-Tiflis-Qars dəmiryol xəttinin açılması təkcə iqtisadi cəhətdən deyil, eyni zamanda geoiqtisadi, geosiyasi və təhlükəsizlik, regionlararası əməkdaşlıq baxımından çox önəmli hadisələrdir.
Astara-Astara dəmir yolunun Azərbaycanın maliyyə imkanları hesabına tikilməsi nəticədə Qəzvin-Rəşt-Ənzəli-Astara dəmir yolu xəttinə qoşulacaq. Sözügedən lahiyənin reallaşmasından sonra Hindistandan Avropanın Helsinki limanınadək olan 5200 kilometrlik dəmir yolu xətti yaranacaq. Bu, təbii ki, beynəlxalq dəmir yolu xətti sayılacaq. Bu birləşmə ilə yüklərin daşınma müddəti 45 gündən 20 günədək azalacaq, məsafə isə təxminən 3 min kilometr qısalacaq. Bununla yanaşı, Azərbaycan İran Astarasında 5 milyon ton tutuma malik terminalın tikintisinə başlayıb. Ümid edirik ki, Azərbaycanın iştirakı ilə liman və yol nəqliyyatı infrastrukturlarının sintezi yaradılacaq və bununla, Fars körfəzindən Azərbaycan və Rusiyaya malların daşınması sadələşəcək. Bu isə əlverişli imkan sayılır. Layihənin yalnız birinci mərhələsinin başa çatması İranla Azərbaycan arasında yük daşımalarının 10 dəfəyədək artımını təmin edəcək. Bundan başqa, iki ölkənin dəmir yollarının birləşdirilməsilə mal mübadiləsinin həcmi ildə 5 milyon tonadək artacaq.
Ümumiyyətlə bu layihələrin reallaşması iqtisadi, təhlükəsizliklə yanaşı regionlar, ölkələr, xalqalr və dinləarasında inteqrasiyanın daha da dərinləşməsinə öz töhfəsini vermiş olacaq. Adıçəkilən layihələr həmçinin regional və regionlararası turizmin inkişafına da öz müsbət təsirini göstərəcək.
Bu layihələrin Azərbaycan üçün ən mümühm nailiyyətlərindən biri kimi işğalçı Ermənistanın son ümidi olan bu layihələrdən kənarda qoymaqla oyundankənar vəziyyətə salmasını qeyd etmək olar. Bununla da Ermənistan bölgənin əhəmiyyətsiz ölkəsinə çevrilmiş oldu. Məhz bunun nəticəsi olaraq İrəvanın Moskva və Tehranla münasibətlərində soyuqluq yaranmağa başladı.
İqtisadi cəhətdən digər bir vacib hadisə isə Azərbaycanın “Əsrin müqaviləsi”nin “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontrakt 2050-ci ilədək uzadılması barədə müqavilə imzalaması oldu. Bu sənəd təkcə Azərbaycanda iqtisadi cəhətdən deyil, eyni zamanda təhlükəsizlik baxımdan çox önəmli müqavilədir.
Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqmaətində yaradılan Məşvərət Şurasının Bakıda keçirilən toplantısını da bu baxəmdan çox önəmli hesab etmək olar. Belə ki, bu tədbirdə iştirak edən Avropa ölkələri Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan TANAP və TAP kimi layihələrə birmənalı dəstək verməsi çox böyük önəm daşıdı. Bu enerji layihələri təkcə Azərbaycanın iqtisadi mənafeyinə xidmət etmir, həmçinin bölgədə sülhün, inkişafı və təhlükəsizliyi, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından çox böyük önəm daşıyır.
Üçtərəfli və ikitərəfli formatlarda əməkdaşlıq
Azərbaycan regionda sülhün, inkişafın və təhlükəsizliyin təmin olunması istiqamətində region ölkələri ilə müxtəlif formatlarda, xüsusən də çoxtərəfli, üçtərəfli, ikitərəfli formatlarda aktiv siyasiətini davam etdirməkdədir. Çoxtərəfli formatlarda əməkdaşlıq əsasən regional təşkilatlar çərçivəsində həyata keçirilir. Məsələn, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Tükdilli dövltlərin Əməkdaşlıq Şurası, ATƏT və digər formatlarda aktiv fəaliyyətini davam etdirir. Məhz bu formatda əməkdaşlıq nəticəsində Bakıda “Asyanın qəlbi-İstanbul prosesi” nə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı Bakıda keçirildi.
Bununla da Bakı dünyada baş verən problemlərin müzakirəsi üçün beynəlxalq bir platformaya çevrilib. Bu artıq bir ənənə halını alıb və ildə Bakıda beynəlxalq Humanitar Forum keçirilir. Bu forumlarda dünyamızı narahat edən müxtəlif məsələlər gündəmə gətirilərək müzakirə olunur.
Üçtərəfli format əsasında il ərzində Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Rusiya-İran, Azərbaycan- Türkiyə-İran xarici işlər nazirlərinin toplantıları keçirilib. Bununla yanaşı Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin toplanıtısı və üç ölkənin iştirakı ilə hərbi təlimlər keçirilib. Bu formatda Azərbaycan-Rusiya-İran dövlət başçılarının Zirvə görüşü olub.
İkitərəfli formatlar baxımından da Azərbaycan üçün uğurlu il olub. Belə ki, Azərbaycan prezidenti Rusiya, Türkiyə, İran, Avropa ölkələrinə bir sıra səfərlər edib. Bu səfərlər nəticəsində Azərbaycanın Türkiyə, İran, Rusiya və Avropa ölkələri ilə ikitərəfli əməkdaşlığı daha da inkişaf edib. 2017-ci il Azərbaycan Avropa Birliyi arasındakı əməkdaşlıqda bir canlanma müşahidə olunub. Məhz bunun nəticəsində Azərbaycanla Avropa Birliyi arasında strateji tərəfdaşlıq barədə saziş üzərində iş aktivləşib.
Azərbaycan Türkiyə əməkdaşlığı baxımından da çox önəmli il olub. Bu ikitərəfli əməkdaşlıq formatı nəticəsində birgə hərbi təlimlərin keçirilməsini xüsusi qeyd etmək lazımdır. Bu hərbi təlimlər Ermənistanı ciddi təşvişə salıb.
İdman
2017-ci il Azərbaycan üçün bir sıra beynəlxalq səviyyəli idman yarışları və humanitar tədbirlərin keçirilməsi baxımından da yadda qalıb. Bu il Bakıda dördüncü İslam Həmrəyliyi oyunları və Formula-1 yarışları keçirilib.
Mürtəza Bnüyadlı
Gununsesi.info









