Sabiq deputatın oğlunun həbs etdirdiyi idmançı məhkəmədə ifadə verdi

  • Müəllif: admin
  • 02 Fevral 2018 13:02

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı olan sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovla uzun müddət yaxşı münasibətləri olmuş Rövşən Heybətov indi məhkəmədə çəkişir. Daha doğrusu, K-1 (kikboksinq) üzrə məşqçi olan R.Heybətov keçmiş deputat oğlunun şikayəti əsasında həbs olunub.

Gununsesi.info xəbər verir ki, R.Heybətov beş ay həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, E.Məmmədovdan birgə iş qurmaq adı ilə 212 min dollar pul alıb, onu aldatmaqda günahlandırılır.

E.Məmmədov məhkəmədə zərərçəkmiş qismində ifadəsində deyib ki, on ildir tanıdığı, birlikdə xarici səfərlərdə olduğu R.Heybətov ona Türkiyədə qəlyan biznesi qurmağı təklif edib, bundan ötrü 200 min dollar pul lazım olduğunu deyib. O da atası ilə məsləhətləşəndən, onu R.Heybətovla görüşdürüb söhbət etdikdən sonra təkliflə razılaşıb. Sabiq deputat oğlunun sözlərinə görə,R.Heybətov Türkiyəyə gedib, ardınca da dərhal pul bank vasitəsilə ora göndərilib. E.Məmmədovun sözlərinə görə, verdiyi məbləğin 100 mini bankdan götürülmüş kredit, qalanı da ondan əvvəl satdığı idman maşınının pulu olub. Zərərçəkmişin iddiasına görə, R.Heybətov onu aldadıb: “Az sonra özüm də Türkiyəyə getdim. Rövşən gedəndə ehtiyat üçün yanında tanışlarını da aparmışdı. O idmançı uşaqları otelin qarşısında görəndə dedilər ki, Rövşən qəzaya düşüb. Rövşənə zəng elədim, dedi ki, boynu sınıb. Xəstəxanaya qaçdım. Amma onda ciddi xəsarət görmədim. Həkimlər də ciddi bir şey olmadığını dedilər. Özü isə durmadan qəribə şeylər danışır, sayıqlayırdı. Pulu soruşanda dedi ki, qəza vaxtı maşında idi. Sonra polislər onun ifadəsini aldılar. Pulu soruşduq, polislər dedi ki, nə pul, maşında pul olmayıb…”

E.Məmmədov deyir ki, bundan sonra aldadıldığını başa düşüb, R.Heybətovla mübahisədi yaranıb. Azərbaycana qayıdandan sonra özü də, atası da R.Heybətovdan pulun geri qaytarılmasını tələb edib. İki il ərzində hissə-hissə olmaqla, ona ümumilikdə 144 min dollar qaytarıb. Ona görə də E.Məmmədov məhkəmədə 65 min dollarlıq mülki iddia qaldırıb, bu pulun ödənilməsini tələb edib.

“Mən dələduz deyiləm, başıma hadisə gəlib”

İttihama münasibət bildirən Heybətov özünü təqsirli bilməyib. O, zərərçəkmişin dediyi məbləğlə də razılaşmayıb. Bildirib ki, cəmi 40 min borclu qalıb.

R.Heybətov fevralın 2-də məhkəmədə ifadəsində deyib ki, Elnurla çörək kəsib, ondan həmişə yaxşılıq görüb. Amma onu bilərəkdən aldadıb, pulunu mənimsəməsi haqda deyilənlər yalandır: “Mən demirəm ki, pulu vermirəm, ölənə qədər də olsa, işləyib o pulu qaytaracam. Pulu Türkiyədə məni vurub götürüblər. Mən dələduz deyilən. Başıma hadisə gəlib. Şəhərdə 3 otaqlı evim vardı, satıb Elnura verəcəkdim. Evi satdım da, düşündüm ki, Rusiyada iş qurum, qazancımı gətirib Elnura verim. Orada da aldandım. Daha sonra oğlumun evini satdım, 40 min dollar qaytardım. Dostlar da borcdan qaytarmağa kömək elədi. Bir yerdən pul gəldi, vəkilimlə birlikdə ağsaqqalın (Elton Məmmədovu nəzərdə tutur-red.) qəbuluna getdik. Orada 50 min dolları verdim. Elton müəllimə dedim ki, qalan pulu da çatdıracam. Hissə-hissə borcdan qaytardım. Bir müddət sonra Elnur polisə verdi, həbs elədilər”.

“Sən mənim pulumu mənimsəmisən”

Dələduzluqda ittiham olunan idmançı iddia edir ki, başına gələnlərdə Türkiyə polisinin də əli var: “Orada bunları başıma açanlar məndə pul olduğunu bilənlər olub. Mən özümü öldürdüm ki, bu məsələ polislikdir. Çünki qəza zamanı pul maşında olub. Dedilər ki, Türkiyə polisi elə şey eləməz…”

E.Məmmədov isə pulların qəza zamanı oğurlandığını düşünmür. Məhkəmədə də bunu R.Heybətova deyib: “Sən burada etiraf eləməsən də, bizə dəfələrlə demisən ki, gərək belə eləməzdim. Sən mənim pulumu mənimsəmisən….”

Təqsirləndirilən R.Heybətov isə bu ittihamla razılaşmayıb: “Ona görə yaşamağa evim də yoxdur, kirayədə qalıram?”

Məhkəmə davam edir.

Gülər

Gununsesi.info