
Bu ilin yanvar ayında Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Bakı şəhərində və Şamaxı rayonunda dörd müəssisədə qeyri-rəsmi məşğulluqla mübarizə çərçivəsində yoxlamalar aparılıb.
Gununsesi.info Vergilər Nazirliyinə istinadən xəbər verir ki, həmin obyektlər «Grand Hospital», Rəhman Firuz oğlu Kərimova məxsus ərzaq mağazası, Saleh Mirabas oğlu Zəkiyevə məxsus mağaza, «İmplant Art Dental Klinika»lardır.
Adı çəkilən obyektlərdə bir sıra qanun pozuntuları aşkar edilib. Həmin müəssisələr ümumilikdə 99 min manat məbləğində cərimə olunub. Bakı şəhərində və Şamaxı rayonunda aparılmış vergi nəzarəti tədbirləri zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən 99 nəfərin muzdla işə cəlb olunduğu aşkar edilib: bunlardan 93 nəfəri Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin, o cümlədən 90 nəfəri «Grand Hospital» tibb müəssisəsinin, 3 nəfəri digər müəssisələrin, 6 nəfəri isə Şamaxı rayonunda fəaliyyət göstərən Rəhman Firuz oğlu Kərimova məxsus ərzaq mağazasının payına düşür.
Yoxlama aparılmış dörd müəssisədə 106 nəfər əmək müqaviləsi ilə çalışıb. Əmək müqaviləsi olmadan işləyən qalan 99 nəfər işçidən (bunlardan 92 nəfərin əsas fəaliyyət növü əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi, 7 nəfərininki isə ticarət xidməti (mağazalarda satış) olub) 31-i ilə əmək münasibətləri rəsmiləşdirilib.
Bundan əlavə, yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən də Bakı şəhəri üzrə, ümumilikdə, 10 tikinti obyektində-«MVVL Verus Praedium» Mənzil Tikinti Kooperativi, «Babək-94» Müstəqil Kiçik Müəssisəsi, «TTF-A» MMC, «Laura» Firması, «Kaspian Park» MMC, «Evian Konstruksiya» MMC, «Piramida-F.R.» MMC, «Gözəl Bakı» Mənzil-Tikinti Kooperativi, eləcə də fərdi xidmətlər göstərən Azər Rəfail oğlu Xəlilov- 6 səyyar monitorinq keçirilib və 70 nəfər işçinin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib. Yoxlama tədbirlərindən öncə həmin müəssisələrdə əmək müqaviləsi ilə 791 işçi çalışdığı halda, yoxlama nəticəsində 184 nəfərlə əmək müqaviləsi bağlanılıb və müqavilə ilə işəyənlərin sayı 975-ə çatıb.
Xatırladaq ki, yanvar ayı ərzində ölkə üzrə 64 min 140 əmək müqaviləsi rəsmiləşdirilib, 50 min 475 müqaviləyə isə xitam verilib. Beləliklə, bağlanılmış əmək müqavilələrinin sayındakı artım 13 min 665-ə çatıb.
Vüsalə
Gununsesi.info











