Xəbər verdiyimiz kimi, iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.
Gununsesi.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.
Cinayət işinin başlanmasına əsas səbəb Göyçay rayon İcra Hakimiyyəti başçısının 14 may 2014-cü il tarixli, 38 saylı sərəncamı ilə “Göyçay” qum-çınqıl yatağında fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayrılması barədə sərəncamlar və müvafiq torpaq icarə müqavilələrinin ləğv edilməsinə baxmayaraq, müqavilələri ləğv edilmiş karxanaların gizli yolla çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərdikləri, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına, çayın şimal hissəsində əkin sahələrinin suvarma suya ilə təmin etmək məqsədilə inşa edilmiş baş su götürücü və onun müdafiəsini təmin edən qurğularının dayanıqlığına ziyan vurmaları barədə materiallar olub.
Nəciməddin Əliyevin kimliyi ilə bağlı Unikal.org saytı məlumat yayıb. Sayt onun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis generalı Ərziman Əliyevin qardaşı olduğunu yazıb.











