“GünayBank”ın keçmiş sədr müavini, bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalov saxlanılıb. Gununsesi.info Virtualaz.org-a istinadən xəbər verir ki, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tapıb yaxalayıblar.
Emin Zeynalovun ötən ilin aprelində “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb etdiyi və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödədədiyi, amma bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxdığı haqda saytımız bir neçə gün əvvəl yaymışdı. Məlumatlara görə Zeynalov pulları online valyuta birjası “Forex”-ə yatırıb və iri məbləğdə ziyana düşüb. Onun bankın Müşahidə Şurasının sədri və səhmlərinin 90 faizə yaxınının sahibi Mahmud Məmmədova da milyonlarla manat borcu yaranıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Qeyd edək ki, “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov “Qafqazinfo”ya açıqlamasında E. Zeynalovun bankdan əmanətçilərin 100 milyona yaxın vəsaitinin oğurlamasını təkzib etmişdi.













