Yaxınlaşıb söyüş söydü, yumruq atdı
Xəbər verdiyimiz kimi tanınmış jurnalist Zülfüqar Xeyirxəbəri döyən şəxs saxlanılıb. Bu barədə jurnalistin özü məlumat verərək qeyd edib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının saxladığı 99-AD-149 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Seymur Mustafazadə boksçu imiş.
Gununsesi.org xəbər verir ki, Zülfüqar hadisənin motivi haqda geniş açıqlama verib.
O, hələ də olayın ona qaranlıq olduğunu deyib:

“O adamı tanımıram, güman edirəm ki, o da məni tanımır. Sadəcə özündən razı, yekəxana bir avtoxuliqandır. Nə dərəcədə peşəkardı bilmirəm, amma boksçudu. Mənimlə nə alıb verəcəyi var, yəqin araşdırmalar zamanı məlum olacaq. Hadisə isə yol üstündə mübahisədən qaynaqlanb. Mən Mərdəkandan aeroport istiqamətində sağdan ikinci zolaqda saatda təxminən 70-80-lə hərəkətdəydim. Sağ birinci zolaqda intensiv hərəkət var idi. Sol iki zolaq isə boş idi. Arxadan 99 AD 149 nömrəli avtomobilin sürücüsü uzun siqnal verdi, işıqları yandırıb söndürdü. Davamlı təkrar elədi. Əlimi pəncərədən çıxarıb işarə elədim ki, nə lazımdı, ötmək istəyirsinizsə, sol zolaqlar boşdu, keçin gedin. Soluma keçib ağır söyüş söydü. Mən də cavab verdim. Təkid elədi ki saxlayım, sıxmağa başladı. Qarşıma keçib qəfil əyləci sıxdı. Soldan manevr edib keçdim. Gah sağdan, gah soldan sıxmağa başladı. Hərəkətimə mane olurdu. Qəza törətməmək üçün məcbur saxladım. Maşına yaxınlaşdı. Mən də düşdüm ki, görüm nə lazımdı buna. Yaxınlaşıb söyüş söydü, yumruq atdı. Birinci zərbədən yayındım. Amma ikinci-üçüncü zərbədən yayına bilmədim. Telefonla şəklini çəkmək istədim, maşına minib qaçdı. Yəni hadisə belə baş verib. Əgər bir yol üstündəki mübahisəyə görədirsə, demək adam anormaldır. Başqa bir səbəb varsa, yəqin istintaq zamanı müəyyən olunacaq”.
Qeyd edək ki, tanınmış jurnalist Zülfüqar Xeyirxəbər avqustun 26-da naməlum şəxs tərəfindən döyülüb.
Gununsesi.org












