Əziz oxucular,
Tutduğum vəzifənin mənə verdiyi səlahiyyət çərçivəsində, heç bir tərəddüd göstərmədən və çətinlik çəkmədən, cəmiyyətimizdə baş verən hadisələrə, ictimai-siyasi proseslərə hakimiyyətin münasibətini həmişə açıq ifadə etmişəm. Çünki, hər bir sağlam vətəndaş, o cümlədən hər bir məmur kimi mən də istər ümummilli lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, qəbul etdiyi qərarların əsasında milli maraqlarımızın, xalqa xidmət amalının dayandığına inanmışam və tam əmin olmuşam.
Moskva Dövlət Universitetinin aspirantı olaraq 1990-cı ildə Ulu Öndər Heydər Əliyevi Vətənə müşayiət edəndə, sonrakı dövrdə onunla birgə bütün siyasi proseslərin iştirakçısı olanda və 2003-cü ildən bu günə kimi Prezident İlham Əliyevin siyasi kursunun həyata keçirilməsində fəal iştirak etdiyim ötən 16 ildə bir mövqeyim, bir məsləyim, bir əqidəm olub.
Mən öz siyasi mövqeyim, ölkəmizin keçdiyi inkişaf yolu, hazırkı durumu və gələcəyi ilə bağlı bütün polemikalara da həmişə hazır olmuşam və sağlam tənqidi normal hal kimi qarşılamışam. Barəmdə müzakirəyə çıxarılan müxtəlif şayiələrə, “kompromatlara” da dözümlü yanaşmışam, düşünmüşəm ki, demokratik cəmiyyətlərdə sözü bitən qüvvələrin belə ucuz vasitələrlə öz opponentlərini gözdən salmaq cəhdi Azərbaycan üçün də yenilik deyil. Lakin bu iddialar əndazəsini aşanda, “gözünü qan örtmüş bəzi siyasi avantüristlərin” və əlaltılarının sayıqlamaları bütün sərhədləri keçəndə öz sözümü demişəm və prinsipial mövqeyimi də ortaya qoymuşam.
Artıq bir neçə gündür ki, 30-40 il bundan qabaq, tələbəlik illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdurəhman Vəzirova Moskvada təhsil alan bir qrup tələbənin “yenidənqurmanın dəstəklənməsi ilə bağlı” göndərdikləri teleqramda mənim də adımın da keçməsi ətrafında kampaniya təşkil olunub. Birincisi, maraqlıdır, görəsən həmin dövrü yaşayan insanlardan kim 1985-ci ildə başlanmış yenidənqurma prosesinin əleyhinə çıxıb və onu dəstəkləməkdən imtina edib?!
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri, professor