
Qadir İbrahimli : “Son 12 ildə qazın qiyməti 17 dəfə artırılıb”
Azərbaycanda işıq və sudan sonra əhaliyə verilən təbii qazın da qiymətinin bahalaşacağına dair fikirlər dolaşmağa başlayıb. Xüsusilə, Dövlət Neft Şirkətinin rəhbəriliyi Azərbaycanda qazın ucuz olması ilə bağlı fikirlərindən sonra bahalaşma ilə bağlı ehtimalları bir qədər də dərinləşdirdi. Qeyd edək ki, hazırda əhali qrupuna verilən qazın 1 kub\metri 10 qəpikdir.
Əhalinin gəlirlərinin azaldığı bir vaxtda hökumətin qazın qiymətinin artımına getməsi nə dərəcədə real görünür?
İqtisadçı-ekpert Qadir İbrahimli Gununsesi.info-ya açıqlamasında bildirdi ki, hökumətin son addımları belə bir ehtimalın yüksək olduğunu deməyə əsas verir: “Çünki hökumət dövlət büdcəsini icra etmək üçün bir sıra addımlar admağa başlayıb. Belə ki, dövlət xəstəxanalarının, tələbə qəbulu imtahanlarında sənəd qəbulunun ödənişli sistemə keçməsi onu göstərir ki, hökumət büdcəyə vəsait axtarışındadır. Bu axtarışlardan biri də qazın qiymətinin bahalaşması, eneji daşıyıcılarının qiymətinin artırılması ola bilər”.

Q.İbrahimli təbii qazın qiymətinin 20faiz civarinda bahalaşacağını ehtimal edir: “ Tutaq ki, 1 kubmetri 10 qədikdən 12-15 qəpiyə qədər bahalaşa bilər. Doğrudur, bu ehtimaldır, bizim hökumət proqnolaşdırmaq çox çətindir. Bəlkə də faizlə deyil, dəfə ilə bahalaşdırdı. Ümumiyyətlə, son 12 ildə qazın qiyməti 17 dəfə artırılıb. Hazırda da vəziyyət daha kritikdir, böhran bütün sahələrə keçib, büdcənin gəlirləri azalıb. Azalmanı kompensasiya etmək hökumət maliyyə mənbələrinin axtarışına çıxarmağa məcbur edib”.
Iqtisadçinin fikrincə, bahalaşma əhalinin sosial vəziyyətini daha da ağırlaşdıra bilər: “Qazın qiymətinin bahalaşması əhalinin sosial vəziyyətini ağırlaşdıra, gəlirlərinin azalmasına gətirib çıxara bilər. Təəssüf ki, hökumət yanlış bir staretegiya seçib. Xərcləri azaltmaq hesabına, iqtisadi islahatlara keçilməsi, sahibkarlığın dəstəklənməsi, bazara əlavə investisiyaların cəlb edilməsi istiqamətində işlər görülməli idi”.
Vüsalə Rüstəmova
Gununsesi.info











