
“Türkiyə dövlətinin bu addımı gözlənilən idi. Çünki PKK terror təşkilatını dəstəkləyən bir partiyanın və millət vəkillərinin parlamentdə yeri yoxdur”.
Bu haqda Gununsesi.info-ya “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Türkiyədə baş verən son hadisələri, eləcə də HDP həmsədri Səlahəddin Dəmirtaş və digər 9 millət vəkilinin həbsinə münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, Türkiyə dövlərinin verdiyi bu qərar gözlənilən idi:
“Bu partiya terrorçu PKK təşkilatı ilə öz arasında məsafə qoymur. Terrorçuları “savaşçılar” kimi qələmə verirlər. PKK terrorçuları nəinki polisə, orduya da hücum edir, hətta, mülki əhalini də məhv edir. Artıq Diyarbəkirdə yaşayan kürdlərin özlərinə də əziyyət verirlər. Faktiki olaraq bu, terror təşkilatıdır. Onların törətdikləri partlayışlar nəticəsində insanlar həlak olur. Türk Ordusu da buna qarşı mübarizə aparır. Hazırda Türkiyə müxtəlif təhlükələrlə üz-üzədir. Suriyada və İraqda da terror təşkilatı ilə mübarizə aparır. Həmin vaxtda isə terrorçuların paytaxtdakı 5-ci kalonu PKK-ya terrorçulara dəstək nümayiş etdirir. Bu isə artıq dözülməz bir həddə gəlib çatmışdı. Onları dəstəkləyən millət vəkilləri isə istintaqlara belə gəlib suallara cavab vermirdilər. Nəticədə Türkiyə də dövlət olaraq, tədbir görmək məcburiyyətində qaldı. Həbs olunanların heç biri PKK ilə bağlı heç bir tənqidi fikir söyləməyib. Hətta, bəzilərinin PKK-dan qorxusu da var. PKK-nın əmrlərini yerinə yetirən bir partiyanın və millət vəkillərinin parlamentdə nə işi var ki? Hesab edirəm ki, son olaraq verilən qərar doğrudur. Təbii ki radikal kürdlər öz narazılıqlarını ortaya qoyacaqlar. Amma Türkiyə bu addımı atmaq məcburiyyətindəydi. Həbs edilənlərin heç biri istintaqla könüllü əməkdaşlıq etmək istəməyiblər”.
E.Şahinoğlu qeyd edib ki, Türkiyənin bu addımı PKK terrorçularına dəstək verənlərə, həm də beynəlxaql aləmə bir mesajdır:
“Kimlər terrorçularla arasına məsafə qoymazsa, terrorçuları “savaşçı” kimi qəbul edərsə, onların yeri həbsxanadır. Hazırda Türkiyədə təhlükələr çoxdur. Bu millət vəkillərinin həbsindən əvvəldə İstanbulda, paytaxt Ankarada partlayışlar törədilirdi. Hətta çevrilişə də cəhd edildi. Türkiyə dövləti hər zaman buna hazırlıqlıdır. Bütün təhlükələrlə də savaşır. Təsadüfi deyil ki, Türkiyə Ordusu Suriyada, İraqda terrorçularla savaşır. Amma bu təhlükələrin miqyasını azaltmaq və terror yuvasını azaltmaq üçün terrorçulara dəstək verən siyasi fiqurlarda mütləq şəkildə məsuliyyətə cəlb olunmalı idi”.
Gülnaz Qənbərli
Gununsesi.info











