QHT-lər Edilli qətliamını dünyaya çatdıra bilirmi?

  • By admin
  • 11 Oktyabr 2022 14:43

Son 6 ay ərzində işğaldan azad olunan Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqlar aşkarlandı. Aydın oldu ki, birinci Qarabağ savaşı dövründə erməni vandalizminin yaralarını daşıyan Edilli kəndində bir neçə kütləvi məzarlıq mövcuddur. Şahid ifadələri, keçmiş əsir və girovların rəyləri əsasında qazıntı işləri aparıldı. Hazırda iki kütləvi məzarlıq üzə çıxarılıb.

Məlum olub ki, birinci məzarlıqda hərbçilərlə yanaşı, mülki şəxslər – yəni girovlar da erməni qətliam maşınının qurbanına çevrilib. İkincidə isə əsir düşmüş hərbçilərimiz vəhşicəsinə güllələnərək toplu məzarlıqlara gömülüb.

Bəs ermənilərin bizə qarşı bu cür soyqırımı, qətliam aktlarını dünyaya çatdırmaq üçün hansı işləri görürük? Xüsusən qeyri-hökumət təşkilatları tərəfindən bununla bağlı hansı addımlar atılıb? Edilli soyqırımı, yeni aşkarlanan kütləvi məzarlıqlarla bağlı QHT-lər hansı beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb? Bu istiqamətdə müzakirələr keçirilibmi və ya keçirilməsi nəzərdə tutulurmu? Ümumiyyətlə, bu istiqamətdə hansı işlər həyata keçirilməlidir?

Suallarımızı ilk olaraq Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyniyə ünvanladıq.

MQF prezidenti Publika.az-a açıqlamasında bildirdi ki, QHT-lər tərəfindən Edillidəki kütləvi məzarlıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulur:

“Hazırda bu istiqamətdə ictimai müzakirələr keçirilir. Beynəlxalq təşkilatlara bəyanatlar verilir. Planımızda xaricdəki qeyri-hökumət təşkilatlarının ölkəyə dəvət olunması da var. Onlar gəlib burada həmin dəhşətləri öz gözləri ilə görməlidirlər. Bunun üçün xaricdəki QHT rəhbərlərinin, nümayəndələrinin Azərbaycana səfərləri təşkil olunmalıdır. Qarabağ işğaldan azad olunandan sonra üzə çıxarılan həqiqətlərin olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırılması gündəmdədir”.

Bəs bizim QHT-lərin xaricdəki qeyri-hökumət təşkilatları ilə əlaqələri indi hansı səviyyədədir? Doğrudanmı, dünya ictimai fikrini dəyişdirə biləcək tanınmış QHT rəhbərlərini, təmsilçilərini biz Xocavəndə, Edilliyə gətirə biləcəyik? Bəs QHT-lər fərdi olaraq hansı işləri görmək iqtidarındadırlar?

“Şəffaflıq Azərbaycan” İctimai Birliyinin İdarə Heyətinin üzvü Sabit Bağırov saytımıza açıqlamasında bildirdi ki, Edillidəki kütləvi məzarlıqlarla bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı ölkədəki QHT-lərin fəaliyyəti barədə onda hər hansı məlumat yoxdur:

“Bu sahədə hansı işlərin görülməsindən xəbərsizəm. Bizim təşkilat bununla bağlı hər hansı təşəbbüslə çıxış etməyib. Çünki bizim sahə deyil. Digər tərəfdən, planlaşdırırıq ki, üzvü olduğumuz QHT forumu və Milli Platforma tərəfindən müəyyən bəyanatlar hazırlansın. Biz də həmin bəyanatlara qoşulacağıq. Bir məqamı qeyd etmək istəyirəm. Bizim təşkilat 28 ildir ki, fəaliyyət göstərir. Bu 28 ildə biz bir çox beynəlxalq təşkilatlarla əlaqələr yaratmışdıq. Amma həmin əlaqələr bu gün sıfıra yaxınlaşmaqdadır. Səbəbi isə 2014-cü ildə müvafiq qanunvericilikdə QHT-lərin fəaliyyəti ilə bağlı qəbul edilən müddəalardır. Həmin müddəalar bizim imkanlarımızı məhdudlaşdırdı. Bizim beynəlxalq təşkilatların əksəriyyəti ilə əlaqəmiz kəsilib”.

Sabit Bağırovun fikrincə, 1988-ci ildən bu yana, son 34 ildə Azərbaycana elə ziyanlar vurulub ki, Edillidəki kütləvi məzarlıqlar onun yanında çox kiçik görünür:

“Ümumiyyətlə, Azərbaycana Ermənistan tərəfindən vurulan zərər, itkilər vahid bir hesabatda öz əksini tapmalıdır. Orada iqtisadi, sosial itkilər, insan təlafatları yer almalıdır. Bunların hamısı bir hesabatda öz əksini tapmalıdır. Biz ölkəmizə son 34 ildə vurulan zərəri hesablasaq, Edilli qətilamları çox kiçik bir detaldır. Belə çıxır ki, Edillidəki kütləvi məzarlıqların dünya ictimaiyyətinə çatdırılmasını qabartmaqla, digər böyük faciələrimizi kölgədə qoyuruq. Bütün bunların hamısı bağlı vahid hesabat şəklində olmalıdır. İlk növbədə, biz QHT-lərdən nəsə gözləyiriksə, qeyri-hökumət təşkilatlarının fəaliyyət mühitini yaxşılaşdırmalıyıq. Bizim təşkilatın beynəlxalq əlaqələri sıfıra yaxınlaşır. Reallıq budur. Sıfıra yaxınlaşan nüfuzla biz nə edə bilərik? Bu haqda düşünmək lazımdır”. P.S: Görünən odur ki, beynəlxalq miqyasda günü-gündən nüfuz itirən milli QHT-lərimiz bu gedişlə nəinki Xocalı, Qaradağlı, Başlıbel, Ağdaban soyqırımları ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq gücündədir, heç Edillidə aşkarlanan kütləvi məzarlıqlarla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq iqtidarında da deyil. Ortada aşkarlanan iki kütləvi məzarlıq var. Birinci kütləvi məzarlığın üzə çıxarılmasından yarım ildən çox vaxt keçir. Amma bu vaxta qədər yerli QHT-lər tərəfindən vahid bəyanat qəbul olunmayıb.

Gununsesi.info