
Bir neçə gün əvvəl Gəncədə öldürülən“Qoçu” ləqəbi ilə tanınan Qoca Quliyevin qətli ilə bağlı istintaq qərəzli aparılır.
Bu barədə Gununsesi.info-ya üz tutan Qoca Quliyevin bacısı Vəfa İbrahimova söyləyib.
Qeyd edək ki, Qoca Quliyevbir neçə gün öncə Gəncədə özünə məxsus “Çinar” restoranında öldürülüb. Məlumata görə, onu öldürən şəxs yaxın qohumu olan sabiq polis əməkdaşı Surxay Məmmədovdur. O hazırda azadlıqda olsa da barəsində başqa yerə getməmək haqqında iltizama imza atıb.
Vəfa İbrahimov isə bildirir ki, Surxay Məmmədovun azadlıqda qalması və istintaqın hadisənin əsas şahidi olan işçi Kazım-Nicar Nuranənin prosesdən kənarlaşdırılması onlarda bu şübhələri artırıb.
Adıçəkilən şahidlə birlikdə redaksiyamıza gələn mərhumun bacısı Gəncə prokurorluğundan narazılığını ifadə edib. Onun sözlərinə görə, qardaşının ölümünün əsas səbəbi araşdırılmır: “Mən sizə təqdim etdiyim fotoda (Fotonu təqdim edirik-red.) onun qulaının arxa hissəsində küt alətdən ağır zərbənin yeri görünür. Ancaq istintaq deyir ki, Qoca infarktdan ölüb. İnfarktdan ölən adamın bədənində xəsarət izlərinin olması mümkünsüzdür. Biz Baş prokurorluqda da olduq. Xahiş edirik ki, iş Gəncədən alınsın”.
Qoca Quliyevin ölümü günü hadisənin şahidi olan Kazım-Nicat Nuranə isə hadisəni belə nəql edir: “Səhər saat 5 radələri idi. Müştərilər və əksər ofsiantlar da getmişdilər. Biz Qoca müəllimlə hesabat aparırdıq. Bu zaman Surxay ora gəldi. Çox içkili idi. Başladı Qocanı qızıqlandıran sözlər deməyə. Tələb edirdi ki, onun üçün masa hazırlansın. Sonra mən otaqdan çıxdım. Gəldim ki, mübahisə ediblər, hər ikisi təngənəfəs idi. Hiss olunurdu ki, əlbəyaxa olublar. Bu zaman Qoca müəllim dedi ki, əl çəkmir gedin görün, nə var bu adam oturmaq istəyir. O da tələb edirdi ki, müştəriyəm məni yola salmalısan. Mənim yanımda Qocaya ağır söyüşlər söyəndə içəridən çıxdım. Sonra qayıdanda onun öldüyünü gördüm. Bu zaman Surxay qaçdı. Qocanın həyat yoldaşı onun qohumudur. Gedib, onu buraya gətirəndə yolda da qəza etmişdi.
Ancaq istintaq məni bir dəqiqə dinlədi. Müstəntiq hadisəni tam danışmağıma imkan vermədi. İndi isə mənim adımdan saxta izahat işə tikiblər və imzam yoxdur”.
Bu yerdə söhbətə müdaxilə edən mərhumun bacısı deyir ki, Gəncə polisi şahidi prosesdən kənarlaşdırmaq üçün ruhi-əsəb xəstəxanasına salmaq istəyir: “Görünür, ortada başqa maraqlar var ki, bunu ört-basdır edirlər. Biz kimisə ittiham edib, şərləmirik. Tələbim qardaşımın ölüm işinin dürüst aparılmasıdır”.
Gununsesi.info