ABŞ Dövlət Departamenti: “Bəxtiyar Hacıyev və Tofiq Yaqublu operativ qaydada azad olunmalıdır”

  • By admin
  • 10 Yanvar 2023 14:25

ABŞ Dövlət Departamenti növbəti dəfə Azərbaycan hökumətinə tənqidçiləri- Tofiq Yaqublu və Bəxtiyar Hacıyev azadlığa buraxmağı çağırıb.

Gununsesi.info bildirir ki, Dövlət Departamentinin nümayəndəsi Ned Prays hər iki şəxsin həbsi ilə əlaqədar Azərbaycanda son insan hüquqları pozuntularını tənqid edib.

“Biz Bəxtiyar Hacıyevin və Tofiq Yaqublunun həbsindən və saxlanılmasından dərin narahatlıq hissi keçiririk. Hakimiyyəti onları operativ qaydada azad etməyə çağırırıq”.

Prays deyib ki, ABŞ əvvəlki kimi insan hüquqlarına və əsas azadlıqlarına hörmətin təşviqinə sadiqdir. “Biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən baxışlarını dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq”.

Hacıyev dekabrın əvvəllərində saxlanılıb və “xuliqanlıqda” və “məhkəməyə hörmətsizlikdə” ittiham olunur.

Hüquq müdafiə təşkilatları bu ittihamları siyasi motivli hesab edir.

Yaqublu dekabrın 23-də Bakının mərkəzində Bəxtiyar Hacıyevin azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasında saxlanılıb. Bu gün o, altı gündür ki, aclıq edir və onun həyat yoldaşı və digər fəallar həmrəylik əlaməti olaraq ona qoşulurlar.

Mais
Gununsesi.info