ABŞ-ın Rusiyaya yeni “sürprizləri” olacaq - DÖVLƏT KATİBİNDƏN AÇIQLAMA

  • By admin
  • 28 Mart 2019 10:30

ABŞ-ın Dövlət katibi Mike Pompeo deyir ki, bir neçə günə Rusiyanın Ukraynaya təcavüzünə qarşı əlavə tədbirləri elan edəcəyinə ümid bəsləyir: “Ümid edirəm ki, gələn həftə, NATO həmkarlarımız şəhərdə olanda əlavə tədbirləri elan edə, Rusiyanın Krımda, Azov dənizində və regionda elədiklərinə qarşı birgə tədbir görə biləcəyik”.

Gununsesi.org bildirir ki, dövlət katibi bunu martın 27-də Nümayəndələr Palatasında dinləmədə söyləyib.

NATO üzvləri aprelin 4-də Vaşinqtonda bur hərbi alyansın yaranışının 70 illiyini qeyd edəcəklər.

Pompeo hansısa potensial tədbir barədə konkret danışmayıb, amma Moskvanın Ukraynadakı hərəkətlərinə qarşı “bacardığımızın bütünlüklə gerçəkləşmədiyini” vurğulayıb.

Son illər Birləşmiş Ştatlar və Avropa Birliyi Moskvanın Ukraynaya qarşı addımlarına cavab olaraq bir sıra sanksiyalar tətbiq ediblər və sonucda Rusiya-Qərb münasibətləri Soyuq Müharibə dövründən sonrakı səviyyəyə düşüb.

Moskva 2014-cü ildə Ukraynanın Krım regionunun ilhaq edib, amma beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

Rusiya həmçinin Ukraynanın şərqində separatçıları dəstəkləyir. Bu münaqişədə 13 minədək adam həlak olub, 1 milyon dan çox ukraynalı evindən didərgin düşüb.

Pompeo Krımla bağlı deyib ki, “o, Ukraynaya məxsusdur və bunun yerində oturuşmasını istəyirik”.

Martın 31-də Ukraynada prezident seçkisi keçiriləcək. Hazırkı prezident Petro Poroshenko, keçmiş baş nazir Yulia Tymoshenko və komediyaçı Volodomyr Zelenskyy öndə gedən namizədlərdir.

Pompeo deyib ki, Vaşinqton “Rusiyanın seçki öncəsi müdaxilə cəhdlərini önləməkdədir”.

Ukrayna hökumətinin açıqladığı hesabata görə, Rusiya seçki prosesinə “müdaxilə etməyi planlaşdırıb”. Rusiya isə indiyədək başqa ölkələrdə seçkilərə müdaxiləsi ilə bağlı deyilənləri rədd edib.