
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bu həftə qeyd olunan NATO-nun yaradılmasının 70-ci ildönümü və təşkilatın Azərbaycanla apardığı vacib tərəfdaşlıq barədə fikirlərini açıqlayıb.
Gununsesi.org bildirir ki, səfir çıxışına “NATO təşkilatını 70-ci ildönümü münasibətilə təbrik edirik!” sözləri ilə başlayıb.
Onun ABŞ-ın Azərbaycandakı səfirliyinin facebook səhifəsində yayımlanmış nitqində deyilir:
“Bu həftə NATO-nun yaradılmasının 70-ci ildönümünü qeyd edirik. NATO-nun yaradılmasının səbəbi təşkilata üzv dövlətlərin demokratiya, fərdi azadlıq, qanunun aliliyi prinsipləri zəminində qərarlaşan azadlığını, birgə mirasını və mədəniyyətini qorumaqdır. Sözügedən missiya 1949-cu ildə olduğu kimi, bu gün də vacibliyini itirməyib və bu missiyanın həyata keçirilməsi yalnız NATO üzvlərinə deyil, digər dövlətlərə də bəhrə verir.
NATO ilə tərəfdaşlıq Azərbaycanın Əfqanıstana göndərdiyi hərbçilər və təchizat marşrutları, qlobal terrorçuluğa və narkotik daşınmalarına qarşı aparılan fəaliyyətdə verdiyi töhfələrdə əksini tapır. Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır. Bu tərəfdaşlıq Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin dəstəklənməsi üçün göndərdiyi hərbçilər və təmin etdiyi təchizat marşrutları, həmçinin Azərbaycanın qlobal terrorçuluğa və narkotik daşınmalarına qarşı aparılan fəaliyyətdə verdiyi töhfələrdə öz əksini tapmışdır.
ABŞ-ın Azərbaycandakı səfirliyində çalışdığımız zaman biz dövlətimizin NATO çərçivəsində tərəfdaşı qismində birgə işləmələri və dünyada sülhün, sabitliyin qorunması naminə fəaliyyət göstərmələri üçün yeni imkanlar axtarırıq”.
Ekspertlər isə bildirir ki, Azərbaycan-NATO münasibətləri tam konstruktiv məcrada və heç bir ziddiyyət yaratmadan inkişaf edir. Belə ki, Azərbaycan 2003-cü ildən bu yana NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatlarına töhfə verir. Azərbaycanın 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının tərkibində xidmət edir. Eyni zamanda hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir.

Bu cür əməkdaşlığın perspektivi haqqında NATO rəhbərliyi dəfələrlə fikir bildirib. Son olaraq, təşkilatın baş katibi Yohan Stoltenberq deyib ki, “Bakı-Tiflis-Qars NATO-nun Əfqanıstanda ”Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verir”. O, bu fikri 2019-cu il aprelin 3-4-də Vaşinqtonda NATO xarici işlər nazirlərinin növbəti iclasında ifadə edib. Fikirlərini inkişaf etdirərək Y.Stoltenberq Azərbaycanın Alyansın yaxın tərəfdaşı olduğunu, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Etiraf etmək lazımdır ki, bu cür qiymətləndirmə Azərbaycan-NATO münasibətlərinin sağlam məzmunu ilə yanaşı, Bakının düşünülmüş siyasət yeritdiyinin də təsdiqidir. Çünki NATO tərəfindən keçmiş sovet respublikaları ilə bağlı deyilən hər bir fikrə Kreml həssaslıqla reaksiya verir. Azərbaycanla bağlı isə onun heç bir iradı yoxdur. Deməli, Azərbaycan rəhbərliyinin seçdiyi əməkdaşlıq kursu NATO ilə əlaqələri gücləndirir, onun perspektivli olmasını təmin edir və eyni zamanda regionun böyük dövlətlərini qıcıqlandırmır. Bu özəlliyinə görə Azərbaycan-NATO münasibətləri NATO-Ermənistan və NATO-Gürcüstan münasibətlərindən keyfiyyətcə fərqlənir.
Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avroatlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Azərbaycanın NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapıb.

Azərbaycan fərdi tərəfdaşlıq məsələlərini özündə ehtiva edən əsas sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi məqsədilə NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir. Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarı ilə Azərbaycanın SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq Əməliyyat Planında (2004) öz əksini tapır. Bu sənədlərdə Azərbaycan müdafiə və təhlükəsizlik sektoru islahatı, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmini, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə edir.
Azərbaycan 1994-cü ilin 4 mayında NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramına qoşulub. Xarici İşlər Nazirliyinin Azərbaycanın NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramına qoşulmasının 25 illiyinə dair yaydığı bəyanatda isə deyilir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının “Sülh naminə Tərəfdaşlıq” proqramına qoşulmasından etibarən Azərbaycan Alyansla möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub. NATO ilə əməkdaşlıq Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan NATO ilə tərəfdaşlığını bütün Avroatlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiyə töhfə vermək vasitəsi kimi görür. NATO ilə 25 illik əməkdaşlıq SNT Çərçivə Sənədinin və BMT Nizamnaməsinin ortaq dəyər və prinsiplərinə, ələlxüsus dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi öhdəliyinə söykənib.
Sənəddə həmçinin deyilir ki, Azərbaycan NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlərlə bağlı müntəzəm siyasi dialoqa böyük önəm verir və Alyansla müxtəlif məsələlər, xüsusilə də sülhməramlı əməliyyatlar və müdafiə islahatları üzrə praktiki əməkdaşlığı yüksək dəyərləndirir: “Azərbaycan və NATO sülhməramlı əməliyyatlar sahəsində möhkəm tərəfdaşlığa malikdir. Azərbaycan NATO-nun rəhbərlik etdiyi və BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara ilk töhfə verən ölkələrdəndir. Azərbaycan Avro-Atlantika ərazisində və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyin qorunması məqsədilə ”Sülh naminə Tərəfdaşlıq” çərçivəsində əldə etdiyi nailiyyətlərə əsaslanaraq və onun prinsiplərinə və məqsədlərinə uyğun olaraq, NATO ilə işləməyə davam etməkdə qətiyyətlidir.












