ABŞ və müttəfiqləri Rusiyanın enerjidən silah kimi istifadəsinə yol verməyəcək

  • By admin
  • 21 May 2022 14:51

Bu səhər Rusiyadan Finlandiyaya təbii qazın nəqli dayandırılıb. Çoxları bu addımı Moskvanın NATO-ya üzv olmaq üçün müraciət edən Helsinkiyə qarşı cavab tədbiri kimi qiymətləndirir.

Cümə günü həm Finlandiya, həm də Rusiya enerji şirkətləri bu xəbəri təsdiqləyiblər. “Qazprom” israr edir ki, bu addım Finlandiya şirkətinin apreldə tədarük olunan qazın rublla  “ödəməməsi” ilə bağlıdır.

TURANın  müxbiri xəbər verir ki, Vaşinqtonda Dövlət Departamentinin sözçüsü bu addımı tənqid edərək bildirib ki, “bu, Rusiyanın enerjidən silah kimi istifadə etmək üçün ilk cəhdi deyil”.

Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinq zamanı deyib: “Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə çalışırıq ki, Rusiya gələcəkdə onun enerji mənbələrindən istifadə edən ölkələri girov saxlaya bilməsin”.

“Onlar bunu əvvəllər, 2014-cü ildə ediblər, indi də fevralın 24-dən sonra Ukraynaya müdaxilədən sonra edirlər”.

ABŞ-ın bütün dünyada Rusiyanın enerji resurslarından asılı olan müttəfiqləri və tərəfdaşları ilə yaxından işləməyə başladığını söylədi. “Qısa müddətdə biz müttəfiqlərimizə və tərəfdaşlarımıza adekvat enerji təchizatını, qismən də öz strateji neft ehtiyatlarımızdan – altı ay ərzində gündə milyonlarla barellə təmin etməyi hədəfləyirik. Digər müttəfiqlər və tərəfdaşlar da eyni şeyi edirlər”.

Vaşinqton enerjinin yaxın gələcəkdə Rusiyanın manipulyasiyasına məruz qala biləcək ölkələrə çatdırılmasını və əlçatan olmasını təmin etmək üçün tərəfdaşlarla işləyir.

“Bunun üçün daha uzunmüddətli planlar var və bizim məqsədimiz əmin olmaqdır ki, Avropada və ondan kənarda olan ölkələr Rusiyadan asılı olmasınlar”, – Prays bildirib.

“Keçən il biz bu məsələləri həll etmək üçün ABŞ-Avropa İttifaqı Enerji Şurası yaratdıq ki, yaxın illərdə Rusiya enerjidən silah kimi istifadə edə bilməsin”, – o deyib.

 

Gununsesi.info