Adil İsmayılov sabiq nazirin necə şərlənməsindən yazır -ELDAR MAHMUDOVUN DAHA BİR CİNAYƏTİ İFŞA EDİLİR / I YAZI

  • By admin
  • 16 Avqust 2019 22:41

Tanınmış vəkil Adil İsmayılovun Azərbaycanda böyük səs-küyə səbəb olan həbslərlərlə bağlı şahidi olduğu proseslər haqqında yazıları davam edir.

Gununsesi.org xəbər verir ki, vəkil bu dəfə sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin MTN tərəfindən necə şərlənməsindən yazır.

Həmin qeydləri təqdim edirik:

GECƏ SƏHƏRƏ KİMİ DAVAM EDƏN AXTARIŞ

Gecə saat 23.30-dan səhər saat 7-ə qədər axtarış aparılıb. Axtarışın aparılması haqqında məhkəmə qərarı olmayıb. Axtarış aparılmazdan əvvəl Nicat Quliyevin ailə üzvlərinin mobil telefonları alınıb və onlara evdən çıxmaq qadağan edilib. Nəyin axtarılması izah edilmədən evdən həm Nicat Quliyevə, həm də onun ailə üzvlərinə, o cümlədən 17 və 13 yaşlı qızlarına məxsus sənədlər, kompüterlər, şəxsi həyata aid fotoşəkillər və videokassetlər, dəmir seyf və 8000 avro məbləğində pul götürülərək aparılıb.

Axtarış protokolunda sadalananlardan başqa guya bağ evinin həyətindən 3 ədəd avtomat silah, və 3 ədəd sandıqçası, 3 ədəd tapança və 3 ədəd sandıqçası, 5 ədəd qumbara alışdırıcı ilə birlikdə 5 ədəd“F-1” tipli əl qumbarasının gövdəsi, 26 ədəd avtomat patronu, 27 ədəd tapança patronu aşkar edildiyi və götürüldüyü göstərilib. Vüsalə Axundzadə həyətdə aparılan axtarışda iştirak etmədiyindən bağ evində və həyətində heç vaxt silah olmadığından, silahın guya aşkar edildiyi yardımçı otaqda hovuz ləvazimatlarını yerləşdirmək üçün özünün iki gün əvvəl təmizlik işləri apardığını və ümumiyyətlə, ailə üzvlərinin heç birinin silah saxlamadıqlarını bildirərək protokola yazılanların iftira olduğunu qeyd edib.

Bağ evində də silahların qoyulub götürülmə prosesi qurtardıqdan sonra 8 avqust 2013-cü ildə səhər saat 7.30-dan 8.55-dək Nicat Quliyevin qeydiyyatda olduğu Adil İsgəndərov küçəsi, 1, mənzil 8/17 ünvanda axtarış aparılıb. Həmin mənzildə təmir hələ tam başa çatdırılmadığından və mənzil boş olduğundan ora silah-sursat atılmayıb. Bağ evində və mənzildə axtarışlar da qanunsuz aparılıb. Axtarışların hüquqi əsası kimi müstəntiqin 7 avqust 2013-cü il tarixli qərarları təqdim edilib. Bu qərarların özü qanuni hesab edilə bilməz. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarəti funksiyasını yerinə yetirən məhkəməyə göndərilən rəsmi məlumatlarda axtarışların mücərrəd şəkildə “təxirəsalınmaz hal yarandığı üçün aparıldığı” göstərilsə də, əslində, belə hal mövcud olmayıb.

Saxlanıldıqdan bir neçə saat sonra nəhayət, Nicat Quliyev müstəntiqin xidməti otağına gətirilib. Müstəntiq tərəfindən həmin gün saat 22.55-də şübhəli şəxs qismində tutulub. Bu vaxta qədər o, 4 saat ərzində qanunsuz olaraq azadlıqdan məhrum edilib. Müstəntiq tutmanın səbəbini izah edərkən Nicat Quliyevə məlum olub ki, onun həmin gün ilk dəfə idarə etdiyi avtomobildən tapança “tapılıb”. O, avtomaşında tapança olmadığını, tapançanın onu saxlayan şəxslərin özləri tərəfindən qoyularaq götürüldüyünü bildirərək, bu qanunsuzluğa etiraz edib və ifadə verməkdən imtina edib. O, müstəntiqdən öz istədiyi vəkillə təmin olunmasını tələb edib. Lakin onun bu qanuni tələbinə də məhəl qoyulmayıb. Əvəzində müstəntiq cinayət prosessual qanunun aydın və konkret tələblərini pozaraq müdafiəçi qismində özünün münasib bildiyi vəkili dəvət edib. Nicat Quliyev ona iradəsi əleyhinə təyin edilən vəkilin xidmətlərindən imtina edib. Bununla belə o, yenə də öz müdafiəçisi ilə təmin olunmayıb və sonrakı istintaq hərəkətləri, o cümlədən onun şübhəli şəxs qismində tutulması, hüquq və vəzifələrinin izah edilməsi, şübhəli şəxs kimi dindirilməsi cəhdi və sairə onun müdafiə hüququ pozulmaqla həyata keçirilib.

 

8 avqustda ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilib. MTN-nin versiyasına görə Nicat Quliyev ona görə təqsirli bilinib və həbs olunub ki, «istintaqa məlum olmayan vaxtda və mənbədən odlu silah sayılan istifadəyə yararlı 2 (iki) ədəd 5,45 mm çaplı «2455701» və «3253751» nömrəli «AK-74» konstruksiyalı, 1 (bir) ədəd 7,62 mm çaplı «PK 5331» nömrəli «AK-47» konstruksiyalı avtomatik tüfəngləri, onlara aid olan odlu silahın komplekt hissəsi sayılan 3 (üç) ədəd sandıqçanı, təyinatı kustar üsulla dəyişdirilmiş odlu silah sayılan istifadəyə yararlı 4 (dörd) ədəd 9 mm çaplı «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli «Makarov MP 371» modelli tapançaları, onlara aid olan odlu silahın komplekt hissəsi sayılan 4 (dörd) ədəd sandıqçanı, döyüş sursatı sayılan istifadəyə yararlı 6 (altı) ədəd «F-1» tipli qəlpəli əl qumbarasının gövdəsini 6 (altı) ədəd qumbara alışdırıcı ilə birlikdə, 26 (iyirmi altı) ədəd 5,45 mm çaplı avtomat patronunu və 35 (otuz beş) ədəd 9 mm çaplı tapança patronunu qanunsuz olaraq əldə etmiş, daşımış, gəzdirmiş və saxlamışdır.

 

Davamı olacaq

Gununsesi.org