ADP Jirinovskinin açıqlamasını Azərbaycana təhdid hesab edir

  • Müəllif: admin
  • 24 Oktyabr 2017 12:36

jirinovskiy_ldpr

ADP son dövrlərdə Rusiya Federasiyası rəsmiləri tərəfindən Azərbaycana qarşı təhdid və təxribat xarakterli bəyanatlardan narahatlıq keçirdiyini bəyan edib.

Bu barədə Gununsesi.info-ya ADP-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, partiyanın İdarə heyətinin bu gün keçirilən toplantısında son dövrlərdə Rusiya tərəfindən Azərbaycana yönəlik siyasət müzakirə olunub. Müzakirələr zamanı Rusiya Federasiyasının rəsmi dairələrində son vaxtlar intensiv xarakter alan imperiya ambisiyalarının baş qaldırmasından, xüsusilə də bu dövlətin rəsmi şəxslərindən biri olan Vladimir Jirinovskinin Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünə təhdid xarakterli bəyanatlarından ciddi narahatlıq ifadə edilib.

Qeyd edilib ki, Rusiyanın rəsmi dairələri tərəfindən səsləndirilən bu fikirlər regionun və dünyanın təhlükəsizliyinə qarşı ciddi təhdid kimi qəbul edilməli, buna müvafiq olaraq bu dövlətə qarşı güclü beynəlxalq təzyiqin göstərilməsinə nail olunmalıdır.

ADP eyni zamanda, Azərbaycan və Ermənistan prezidentlərinin son görüşünə mövqeyini sərgiləyərək, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə ATƏT çərçivəsində həllinə dair uzun illər ərzində aparılan danışıqların münaqişənin həllində heç bir əhəmiyyətə malik olmamasını, status-kvonun saxlanmasının düşmən ölkəyə və onun havadarlarına sərf etdiyini qeyd edib. Toplantıda aparılan bu siyasətin çox təhlükəli olması və regional təhlükəsizliyi daim təhdid altında saxlaması da diqqətə çatdırılıb.

Mürtəza

Gununsesi.info