Akif Çovdarov müstəntiqin ondan pul istədiyini deyir

  • By admin
  • 01 Fevral 2017 23:30

akif

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses hava şəraiti ilə bağlı təyin olunduğu vaxtdan üç saat gec – saat 14:00-da başlayıb.

Prosesdə zərərçəkmiş şəxs qismində Kürdəmir rayonununda yerləşən “Xatirə” kafesi epizodu üzrə Şehman İmanov ifadə verib. Şahid deyib ki, A.Çovdarov Kürdəmir rayonunda yüz hektarlarla torpaq sahəsini ələ keçirib və həmin ərazidə balıqçılıq təsərrüfatı yaradıb. O, istintaqa verdiyi ifadəni təsdiq edib. Vəkillər isə bildiriblər ki, Ş. İmanov həmin restoranı Sədiyar Tağıyevə satıb və bununla bağlı istintaq materiallarında məlumat var. Həmin suala Ş. İmanov cavab verməyib.

Cinayət işinin materiallarında göstərilib ki, İmanov “Xatirə” kafesini Sədiyar Tağıyevə 55 min manata satıb.

Daha sonra həmin epizod üzrə şahidlər dindirilib.

Çovdarov məhkəmədə epizod üzrə çıxış edib. O bildirib ki, zərərçəkənlərin dediklərinin hamısı yalandır: “Saxta zərərçəkənlər, saxta şahidlər. Hətta bu işi aparan müstəntiq də həmin epizodu saxta dəlillərlə hazırlayıb. Hətta məndən və oğlumdan bu epizodu çıxartmaq üçün 100 min manat pul istədi. Vermədim”.

Lent.az