Akif Əhmədgilin dağıdılan kitabxanası… - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By ilhame
  • 06 Aprel 2024 19:35

Akif Əhmədgili yeniyetməliyimdən tanıyırdım. Tanıyırdım deyəndə lovğalıq olar. O zaman o, “Gənclik” jurnalı kimi populyar və oxunaqlı bir jurnalın şöbə müdiri idi, mən isə uzaq dağ rayonunun kənd məktəbində oxuyan, yazdığı cızma-qaraları  bu jurnalın səhifəsində görmək üçün bəlkə də həyatından keçməyi hədəfləyən sadəlövh bir uşaq. Bir dəfə cəsarətlənib yazdığım şeirləri  Məmməd İsmayılın baş redaktoru olduğu bu jurnala göndərdim. Əslində məni buna  məcbur edən anam oldu. Atam haqqında yazdığım şeir anamı necə təsirləndirmişdisə, o mənə israrla “şeirlərini  “ Gənclik” jurnalına  göndər” demişdi.

O zamanlar qəzet-jurnal  düz qapımıza gəlirdi.  Paçtalyon Əhməd dayı  qapı-qapı  gəzir, hərənin qəzet payını hər kəsin özünə çatdırırdı. Bizim evə də “ Azərbaycan gəncləri” “ Ədəbiyyat və İncəsənət” “Kommunist” qəzetləri ilə yanaşı həm də “ Gənclik” jurnalı gəlirdi. Jurnalın nəfis qoxusunu qəzetlərdən çox içimə çəkirdim. Çünki, o jurnalda ədəbi yazılarla yanaşı, mənim sevdiyim şairlərin şeirləri olurdu.  Məmməd İsmayılın bəlkə də 30-40 şeirini əzbərdən gözüyumulu deyirdim. “Hardasa gələcəkdə bir gözəl yaşayırdı”- yazan şair görəsən özü bilirdimi ki, ən ucqarlarda, lap əyalətlərdə onu bu qədər sevən gözəl-çirkin oxucuları vardı. Nə isə…

“ Gənclik” jurnalına göndərdiyim şeirlərə 30-40 şeirini əzbərdən dediyim Məmməd İsmayıl yox, Akif Əhmədgil cavab vermişdi. Onun yazdıqlarını oxuyub başa çatana qədər ürəyim ağzıma gəlmişdi. Görəsən, bəyənibmi? Yox, bəyənməmişdi.  Şeirlərimin bədii ifadə gücünün zəif olduğunu  mədəni şəkildə diqqətə çatdırırdı Əhmədgil .  Vəssalam. Bununla da mənim şeir yazmaq həvəsim öldü. Amma  şeirə, kitaba, ədəbiyyata, kitabxanaya olan həvəsim ölmədi. Etiraf edim ki, o vaxt bəlkə də  Akif Əhmədgilin ölməyini ürəkdən arzulayardım. Adam həqiqəti demişdi, mən isə bunu qəbullanmırdım.  Böyüdükcə, jurnalistikada təhsil aldıqca, şairliyin xüsusi istedad, bəlkə hətta Allah vergisi olduğunu dərk etdikcə o ada hörmətim artdı. Bu gün niyə bunu yazmaq qərarına gəldim. Ötən gün Akif  Əhmədgilin bir paylaşımını gördüm. Yazırdı:

Dünən Yasamal raonunda həyətdəki kitabxanamı yerlə yeksan eləyiblər.. Əkdiyim qızıl gül kollarını tapdayıblar, mərhum şair dostum Eldar Baxışın “Eldar şamı” şeirinin şərəfinə əkdiyim şam ağaclarının qol-budağını sındırıblar. Düzdür, tələm-tələsik bəzi kitablarımı və Nuru paşanın bir rəssam dostuma çəkdirdiyim böyük portretini qırğından xilas edə bildim. Amma nə fayda. olan olmuşdu… Həmin kitabxanada hər il sentyabdın 15-də Bakının qurtuluş günündə Nuru paşanın adını anırdıq, sərği keçirirdik, kitab təqdimatı təşkil olunurdu, məktəblilərə uşaq kitabları paylayırdıq..

Təbii ki, mən də həyətdə təmizlik işləri aparılmasının tərəfdarıyam. Amma mənim kitabxanamı talan edən məsul şəxslər, nədənsə həyətdəki bəzi obyektlərə, market və qaraj yerlərinə əl vurmayıblar, onları sökməyiblər. Soruşanda deyirlər ki, həmin obyektlərin sənədi var. İndi mən Yasamal Rayon İcra Hakimiyyətindən soruşuram, necə olur ki, həmin obyektlərə, marketlərə, qaraj yerlərinə sənəd verə bilirirlər, amma mənim kiçik bir kitabxanama sənəd vermirlər. Görəsən, bunun üçün nə lazımdır???

Çox təsirli hekayə idi. Beynimdən dərhal  1980-lərin “ Gənclik” jurnalı keçdi. Ofset çapının qoxusu hələ də burnumda qalan , yeniyetməliyimin  o sehirli  jurnalı.

Hərçənd, o vaxt buna oxşar hekayələr başqa bir jurnalda olardı. Məsələn “ Kirpi”də. Kitabxanaları dağıdan məmur tiplərin əndrabadi karikaturalarına baxıb  qəşş edənə qədər gülərdik. İndi ətrafımız “ Kirpi”lik personajlarla doludur. Amma gülə bilmirik. Çünki, gülmək üçün də kitab oxumaq lazım gəlir. Kitabxanaların dağıldığı məmləkətdə gülüşün özü də hər gün bayağılaşır.

Qısası, Akif Əhmədgilə yazdım ki, gərək o vaxt həyətdə kababxana tikəydiniz. Yazdı ki, indi etsəm, gec olmaz?

Daha yazmadım ki, gecdir, şair. Mən şeiri nəzmə çəkə bilmədiyim kimi siz də kababı şişə çəkə bilməyəcəksiz. Bu qədər sadə.

 

Ləman Ələşrəfqızı

Gununsesi.info