Ali Məhkəmə sədrindənuşaqlarla yeni QƏRAR

  • By admin
  • 07 Mart 2020 13:03

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərara dəyişiklik edilib.

Gununsesi.org-un məlumatına görə, bununla bağlı Ali Məhkəmənin Plenumu qərar çıxarıb.

Qərarı Ali Məhkəmənin sədri Ramiz Rzayev imzalayıb.

Qərarla sənədin 7.4-cü bəndinin sonuna yeni məzmunda cümlə əlavə edilib.

Həmin bənddə yazılırdı ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır.

Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq, maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək hüququna malikdir.

Habelə, uşağa məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququ da verilir.

Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.

Əlavə edilən hissədə isə qeyd olunur ki, məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Qərarda göstərilir ki, “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyil.

Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı, məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

Gununsesi.org