Almaniyadan deport edilən siyasi fəala yeni ittiham irəli sürülüb

  • By admin
  • 21 İyul 2022 20:35

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilmiş fəal Samir Aşurova Cinayət Məcəlləsinin daha bir maddəsilə – 221.3-cü maddə (silah və ya silah kimi istifadə edilən əşyadan istifadə etməklə törədilən xuliqanlıq) ilə ittiham irəli sürülüb.

Gununsesi.info xəbərinə görə, bu barədə onun xanımı Nuranə Aşurova məlumat verib.

Onun sözlərinə görə, Samir nə əvvəllər irəli sürülmüş 126.2.4-cü maddə (sağlamlığa ağır ziyan vurma), nə də yeni maddə üzrə özünü təqsirli bilmir.

“Hər iki ittiham saxtalaşdırılıb”

Cinayət işi materiallarına əsasən, bu il aprelin 19-da Nizami rayonu ərazisində Aşurov zərərçəkən kimi tanınmış Elşən Nəbiyevlə qarşılaşıb.

Yaranmış mübahisə nəticəsində Aşurov guya Nəbiyevə bıçaq xəsarəti yetirib.

“Əslində Samirə ucaboylu adam hücum edib, onu yuxarı qaldıraraq asfaltın üstünə atıb.

Üzləşmə zamanı zərərçəkmiş şəxs qismində qısaboylu adamı təqdim ediblər ki, fiziki cəhətdən Samiri  heç cür qaldıra bilməzdi. Buna baxmayaraq, o, bədənindəki yara göstərərək mənim həyat yoldaşıma böhtan atıb. Ancaq bu, köhnə yaraların izi idi” – Aşurova deyib.

Yaxın günlərdə işi məhkəməyə göndərəcəklər. Qeyd edək ki, Aşurov hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Siyasi motivlərlə sığınacaq istədiyi Almaniyadan bu ilin martında deportasiya olunub.

 

Gununsesi.info