Amnistiyanın absurdları -ŞƏRH

  • By admin
  • 01 İyun 2016 08:58

adil_ismayilov

Özümə söz vermişdim ki, bundan sonra amnistiya aktı barədə yazmayacam. Nə qədər olmasa humanist addımdır, bəzi məhbuslar azad olunacaq, kimlərinsə ailəsinə sevinc gətirəcək. Onun üstünə kölgə salmaq düzgün deyil. Amma yazmamaq alınmır… Çünki amnistiya aktını oxuduqca onu hazırlayanların peşəkarlığına və məntiqinə şübhə edirsən. Amnistiya aktının absurdları çoxdur. Bunlardan birini vəkil dostumuz Samir İsayev yazmışdı, 28 May – Respublika günü münasibəti ilə 20 mayda qəbul edilmiş Amnistiya aktının 16 iyunda qüvvəyə minməsini nəzərdə tuturam. Birini də mən yazım.

Hesab edirəm ki, amnistiya aktında onun tətbiq edilməsinin məhkəmə qərarlarının qüvvəyə minməsi ilə bağlanması kökündən səhvdir. Belə yanaşma vətəndaşların qanun qarşısında bərabərliyi prinsipinə ziddir.
Aktın 9-cu hissəsinə əsasən “Amnistiya bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum edilmiş, habelə həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarı əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzaçəkmə müəssisəsinin növü dəyişdirilmiş şəxslər barəsində tətbiq edilir”.
Bu o deməkdir ki, birinci instansiya məhkəmələri tərəfindən məhkum edilmiş şəxslər şikayət və protest verilməsi üçün müəyyən edilmiş 20 gün iyun ayının 16-na kimi keçmədiyi təqdirdə və ya apellyasiya şikayəti vermişlərsə apellyasiya məhkəməsində onların işləri üzrə iyun ayının 16-na kimi məhkəmə qərarı qəbul edilməyəcəyi təqdirdə həmin işlər üzrə məhkum edilmiş şəxslərə amnistiya tətbiq edilməyəcək. Yaxud daha pisi odur ki, Ali Məhkəmə iyun ayının 16-na kimi amnistiya aktı tətbiq olunmalı şəxsin barəsində apellyasiya məhkəməsinin qərarını ləğv edib işi apellyasiya məhkəməsinə qaytaracaqsa bu şəxs amnistiyadan yararlana bilməyəcək.
Buna görə də yaxşı olardı ki,amnistiyanın tətbiq edilməsi hökmün qanuni qüvvəyə minməsi ilə deyil, cinayətin törədildiyi vaxtla əlaqələndirilsin və amnistiya aktı qəbul edildiyi vaxtadək cinayət törətmiş şəxslərə şamil edilsin.

Aslan İsmayılov

Gununsesi.info