
Torpaq üstündə qardaşını güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Şirxan Məhərrəmov aprelin 10-da məhkəmədə hadisə barədə ətraflı danışıb.
Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü prosesdə əvvəlcə ittiham aktı elan olunub.
İttihamda yazılıb ki, Şirxan Məhərrəmov torpağın mülkiyyət hüququnun ona verilməməsini əsas gətirərək qardaşı Səməd Məhərrəmova atəş açıb. Ekspert rəyinə görə, Şirxan Məhərrəmov qardaşına 3 dəfə tüfəngdən atəş açıb. Birinci dəfə 34 metrdən, ikinci dəfə17 metrdən, üçüncü dəfə yerdə yıxılmış vəziyyətdə onun baş nahiyyəsindən vuraraq qətlə yetirib.
Ş.Məhərrəmov məhkəmədə ifadə verərkən özünü təqsirli bilib, amma ittihamda yazılan bəzi məqamlarla razılaşmayıb.
Bildirib ki, 2005-ci ildə üç qardaş 4 hektar torpaq sahəsində təsərrüfatla məşğul olublar. Daha sonra isə torpaq sahəsini aralarında bölmək istəyiblər.
Onun sözlərinə görə, böyük qardaşları olan Səməd Məhərrəmov buna etiraz edib və torpaq sahəsini heç kimlə bölməyəcəyini deyib: “Bundan sonra aramızda mübahisələr yarandı. Kiçik qardaşıma məxsus torpaq sahəsində tikinti apardıq. Getdi məhkəməyə verdi ki, tikməyək. Sonra mən onun üstünə getmədim. Amma onun hədələri, söz-söhbətləri bitmədi. Həmin gün də torpaq sahəsində olan elektrik xəttini açmaq istəyirdim. Ərazidə iş gedirdi, xətt qırılmasın deyə. Mənə arxaadan yaxınlaşıb təpiklə vurdu. Daha dözə bilmirdim. Bu hərəkətinin səbəbini soruşanda məni təhqir elədi. Mən də gedib silahı gətirdim. Ona dedim ki, məni bezdirmisən, səni öldürəcəm. Mənə dedi ki, səndə o ürək hardandır? Mən əsəblərimi cilovlaya bilmədim. Məni dəfələrlə təhqir edib”.
Ş.Məhərrəmov üç yox, iki dəfə atəş açdığını bildirib. Əlavə edib ki, əməlindən peşmandır.
Təqsirləndirilən şəxsin anası Xəzangül Məhərrəmova da şahid qismində ifadə verib: “İstəməzdim iki balamı bu vəziyyətdə görüm… Onları nə zülmlə böyütmüşəm. Görəsən, Səməd nəsə eləyib ki, Şirxan onu vurub”.
Üçüncü qardaş Azad Məhərrəmov da hadisənin baş verməsinə görə mərhum Səməd Məhərrəmovun günahkar olduğunu söyləyib. Bildirib ki, torpağı üçü birlikdə alıb, birlikdə təsərrüfatla məşğul olublar. Amma sonradan qardaşı torpağı onlara vermək istəməyib: “Yaxşı təsərrüfatımız var idi. Amma mal-heyvanı hissə-hissə satdılar. Necə oldu bilmədik. Mən özüm maşınla mal daşıyırdım. Həmin gün də Şirxan zəng elədi ki, Səmədi öldürüb”.
Məhkəmə prosesi aprelin 19-da davam edəcək.
1972-ci ildə Ermənistanın Amasya rayonunda anadan olan Şirxan Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitunda gözətçi işləyib.
Gülər
Gununsesi.info










