Anasından İlkin Rüstəmzadəyə doğum günü mesajı -Mənim əzmkar, polad iradəli oğlum!

  • By admin
  • 03 Avqust 2016 09:04

ilkin

Hazırda 13 saylı cəzaməkmə müəssisəində saxlanılan vicdan məhbusu İlkin Rüstəmzadə özünün 4-cü doğum gününü həbsdə qarşıladı. Anası Atlas Hüseynova özünün sosial şəbəkədi səhifəsində oğluna doğum günü mesajı yazıb.

Gununsesi.info həmin təbriki təqdim edir:

Həyat məni çox şeydə sınağa çəkib.Bütün əzizlərimi-yaxınlarımı(atamı,anamı,bacımı,qardaşlarımı) məndən vaxtsız alıb.Sonra doğma elimi-obamı, kəndimi,rayonumu,evimi-eşiyimi erməni işğalı nəticəsində itirmişəm.Bütün bunların fonunda yıxılmamışam,təslim olmamışam,işimlə,həqiqətən çox sevdiyim müəllimlik peşəmlə məşğul olmuşam.Övladlarıma tapınmışam.Xüsusən də İlkinə.İlkində olan işığı,ziyanı mən lap uşaqlıqdan görmüşəm.İçimdə həmişə İlkinlə bağlı bir ümid olub.Onun haqqsevərliyi, ədalətsizliyə dözməməsi, dostcanlılığı,içinin hamıya qarşı sevgi ilə dolu olması məni həmişə qürurlandırıb.Savadı,dünyagörüşü,intellekti ilə həmişə yaşıdlarından seçilib.Amma təəssüf ki, bu gün İlkin haqsız yerə dəmir barmaqlıqlar arxasındadır.Amma İlkin azadlığı daha çox haqq edənlərdəndir.Heç öz övladım olmasa da, başqasının uşağı olsa da, mən bilirəm ki, İlkin Azərbaycan gəncliyinin simvolu ola biləcək bir insandır.Y ataqlardan, buqələmunlardan, müstəqil sözü, amalı olmayanlardan “ləbbeyk” deyənlərdən fərqlidir İlkin. Mən başa düşə bilmirəm.Hamı hər şeyə “bəli-bəli” demək zorundamıdır?Heçmi sərbəst düşüncəyə, düşündüyünü, gördüyünü deyənlərə yer yoxdur?!
İlkin mənim həyatda istinad nöqtəmdir, yaşama səbəbimdir.Hamı övladını çox istəyir.Amma İlkin mənim çox şeyimdir.İtirdiklərimin əvəzidir.Həyatda ən böyük qazancımdır.
Avqustun 2-si İlkinin ad günüdür.Məhbəsdə keçirdiyi 4-cü ad günü.
Ad günün mübarək mənim əzmkar, polad iradəli oğlum!Ailə olaraq biz səninlə fəxr edirik.İnşallah bütün bağlı qapıların açılması ümidilə.

Atlas Hüseynova