Gürcüstanda ilk yeraltı qaz anbarının tikintisi ilə əlaqədar yaxın vaxtlarda tender elan olunacaq. Anbarın inşasında xarici ölkələrin korporasiyaları və beynəlxalq şirkətlər iştirak etmək istəyirlər. Onların arasında SOCAR şirkəti də var.
Bu sözləri Reporta-a müsahibəsində Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaldze söyləyib.
Nazir deyib ki, tenderdə iştirak edəcək şirkətlərin təklifləri diqqətlə öyrəniləcək və indidən kimin qalib gələcəyini söyləmək mümkün deyil.
Onun sözlərinə görə, anbarın tikintisinə 2017-ci ilin sonlarında başlanacaq və işlərin 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində başa çatdırılması nəzərdə tutulur.
“Bu anbar Gürcüstanın təbii qaza olan tələbatının ödənilməsində mühüm rol oynayacaq”, – deyə energetika naziri qeyd edib.
Kaladze anbarın, əsasən Azərbaycanın təbii qazı hesabına doldurulacağını vurğulayıb:
“Aparılan danışıqlar zamanı əldə olunmuş razılığa əsasən, Gürcüstanın “mavi yanacağa” olan tələbatı Azərbaycanın təbii qazı hesabına ödəniləcək”.
Qeyd edək ki, Gürcüstan Cənubi Qafqaz regionunda yeraltı qaz anbarı olmayan yeganə ölkədir. Bu da onun təbii qaza olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində ciddi problemlər yaradır. Problemi həll etmək üçün Gürcüstan hökuməti yeraltı qaz anbarının tikintisi barədə qərar qəbul edib. Anbarın texniki layihəsini Fransanın “Jeostik” şirkəti hazırlayıb. Anbarda 210-280 milyon kubmetr təbii qaz saxlamaq mümkün olacaq. Bu isə Gürcüstanın istehlak etdiyi mavi yanacağın 15 faizini təşkil edəcək.
Yeni anbar Tbilisinin Samqori adlanan ərazisindəki köhnə cənub qaz günbəzinin bazasında tikiləcək.
Gununsesi.info