Aqşin Yeniseydən Azərbaycan gənclərinin söz ehtiyatı ilə bağlı sərt tənqid

  • Müəllif: Firuzə
  • 10 Sentyabr 2026 09:42

Yazıçı-şair Aqşin Yenisey Azərbaycanda uşaqların və gənclərin kitab oxuma vərdişinin zəifləməsi, söz ehtiyatının məhdudluğu və bunun təhsilə təsiri ilə bağlı fikirlər səsləndirib.

Gununsesi.info -nun xəbərinə görə, Aqşin Yenisey bildirib ki, müxtəlif ölkələrdə universitetə daxil olan gənclərin söz ehtiyatı ilə bağlı statistik göstəricilər mövcuddur:

“Bir ingilis gənci universitet qapısını 92 min söz ehtiyatı ilə döyür. Bir fransız gəncində bu ehtiyat 88 min, bir türk gəncində 11 mindir. Görəsən, Azərbaycan gənci universitetə neçə min, yaxud neçə yüz sözlə yollanır?”.

Yeniseyin sözlərinə görə, Azərbaycanda oxuduğunu anlamaqda çətinlik çəkən insanların çoxluğu cəmiyyətdə ciddi problem olduğunu göstərir. O, bunun əsas səbəblərindən birinin uşaqların kitabla deyil, smartfonla böyüməsi olduğunu düşünür.

“Azərbaycanda çox az vətəndaş uşaqlıqdan kitab oxuma vərdişinə yiyələnir. Bu vərdiş olmadığı üçün milyonlarla vətəndaşımız yaşadığı həyatı 200-300 sözlə anlayıb bu dünyanı ibtidai insandan azacıq üstün fərqlə tərk edir”, – deyə o qeyd edib.

Aqşin Yenisey müəllimlərin üzərinə də məsuliyyət düşdüyünü vurğulayıb.

Onun sözlərinə görə, şagirdlərə kitab oxumağın vacibliyini izah edən müəllim ilk növbədə özü mütaliə etməlidir.

Yazıçı müəllimlərin qurultayında baş verdiyini bildirdiyi bir hadisəni də nümunə göstərib.

Onun sözlərinə görə, bədii, elmi-kütləvi və fəlsəfi ədəbiyyat oxumağın vacibliyindən danışılan müzakirə zamanı bir müəllim “biz nə edək ki, sizin dediyiniz kitabları bizim şagirdlər də oxusun?” sualını verib.

“Cavab sadə idi: Əvvəlcə özünüz oxuyun və sinifdə oxuduğunuz kitablardan sitatlar gətirin. Uşağın şəxsinə yox, beyninə xitab edin!” – deyə Yenisey yazıb.

Elmar
Gununsesi.info