
“ASAN Məktub” Gəncədə aztəminatlı ailələrdən olan uşaqların arzu və istəklərini gerçəyə çevirib.
Gununsesi.info-ya “ASAN Məktub”-dan verilən məlumata görə, bu layihə vasitəsilə Gəncədə yaşayan uşaq evlərinin, aztəminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilib.
Layihənin əsas məqsədi xeyirxahlıq ənənələrinə malik ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin əsasını qoymaq, uşaqlara sevinc yaşatmaq, onların çöhrələrində təbəssümə səbəb olmaqdır.
Layihə çərçivəsində Qurban bayramı münasibətilə keçirilən ”Bu bayramda 1 məktub” aksiyası vətəndaşlar tərəfindən yüksək rəğbətlə qarşılanıb. Belə ki, asanmektub.az saytında yerləşdirilmiş məktublar qısa müddət ərzində öhdəliyə götürülüb. Alınmış hədiyyələr Qurban bayramı günlərində Gəncədə yaşayan aztəminatlı ailələrin, uşaq evlərinin sakinlərinə və kənardan qulluğa ehtiyacı olan uşaqlara çatdırılıb.
Qeyd edək ki, vətəndaşlarla yanaşı, bir sıra şirkətlər də korporativ sosial məsuliyyət çərçivəsində bu aksiyaya öz töhfələrini veriblər.
Gülnaz Qənbərli
Gununsesi.info












