AŞPA ailəsində ərazisi işğal edilən, separatizmdən əziyyət çəkən dövlətlərin sayı artıb  

  • By admin
  • 20 İyun 2016 16:40

 

ASPA

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günü ənənəvi olaraq Büro və Daimi Komitənin fəaliyyəti haqqında məruzə dinlənildikdən sonra hesabat ətrafında müzakirələrlə başlayıb. Gununsesi.info-nun məlumatına görə, Böyük Britaniyadan olan deputat İan Liddel-Qreinerin təqdim etdiyi hesabatla bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək bir sıra tənqidi mülahizələrini bildirib. Qeyd olunub ki, Büro və Daimi Komitənin gördüyü işlərə dair hesabatın “İnkişaf haqqında məruzə” adlandırılması məntiqidir. Ardıcıl fəaliyyət olan yerdə irəliləyişlərin, müəyyən nailiyyətlərin əldə edilməsi təbii sayılmalıdır. Ancaq görülən işlər arasında çəki və miqyas fərqi var. Təşkilat olaraq Avropa Şurasından və onun hər növbəti inkişaf hesabatından gözlənilən elə məsələlər var ki, onların həlli yolunda atılmış hər bir ciddi addım, həqiqətən də çox böyük tərəqqi adlandırıla bilər. Yalnız bu təşkilatın deyil, dünyanın siyasi həyatında əlamətdar hadisəyə çevrilər. Lakin təəssüflər olsun ki, sessiyalar bir-birini əvəz edir, milyonlarla insan ümidlə nəticə gözləyir, “inkişaf haqqında məruzə” adlandırılan hesabatlarda isə nəzərəçarpacaq inkişaf barədə bir sətir də gözə dəymir. Bu il Avropa Şurasına üzvlüyünün 15 ili tamam olan Azərbaycan 2016-cı ildə başqa kədərli yuvarlaq ildönümünü də qarşılamaq məcburiyyətindədir. Düz 25 il əvvəl, 1991-ci ilin sonunda Ermənistan hərbi birləşmələri xarici qüvvələrin köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ vilayətində 1989-cu ildən başladıqları işğalçılıq fəaliyyətini Xankəndinin azərbaycanlılar yaşayan son kəndini zəbt etməklə başa çatdırıb. Kərkicahan kəndində 40-a yaxın insan vəhşicəsinə qətlə yetirilib, 50 qadın, uşaq, qoca ağır yaralanıb, yüzlərlə ailə öz vətənində məcburi köçkünə çevrilib. İllər ötdükcə dünya birliyinin, beynəlxalq təşkilatların erməni zülmünə qarşı etinasız münasibəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən başqa onun ətrafındakı 7 rayonu da işğal olunub, qaçqın və məcburi köçkünlərin sayı 1 milyona çatıb. Avropa Şurası Ermənistanı öz qətnamələrində rəsmən bir işğalçı olaraq təsbit edib. Bəs sonra? İşğalçıya qarşı hansı addım atılıb? Bir neçə ay öncə burada Sərsəng su anbarı, Ermənistanın Azərbaycana qarşı apardığı su təcavüzü ilə əlaqədar qətnamə qəbul edilib. Ermənistan o qətnamənin tələblərini yerinə yetirmək üçün heç bir addım atmır, belə bir niyyəti də yoxdur. Avropa Şurası isə yenə əvvəllərdə olduğu kimi, Ermənistanın belə özbaşınalıqlarına dözür. Bütün bunlardan sonra da başlayırıq fəaliyyətimizdəki inkişafdan dəm vurmağa. Kimi aldadırıq?! Xoşagəlməz bir qanunauyğunluq var. Cinayət cəzasız qalırsa, qanunsuz əməlin qiyməti vaxtında verilmirsə, bu pis nümunə digər yeni daha pis nümunələrin ortaya çıxmasına imkan yaradır. Bildirilib ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 2001-ci ildə Avropa Şurasında bir üzv dövlətin digər üzv dövlətin ərazisini işğal etməsinə yeganə nümunə idi. Lakin Avropa Şurası vaxtında ortaya prinsipial mövqe qoymadığına, qətiyyət göstərmədiyinə və fəaliyyətsizlik nümayiş etdirdiyinə görə AŞPA ailəsində digər üzv dövlət tərəfindən ərazisi işğal edilən, separatizmdən əziyyət çəkən dövlətlərin sayı artıb. R.Hüseynov yaxın gələcəkdə belə taleyüklü düyünlərin açılmasına Avropa Şurasının verdiyi töhfələrdən bəhs edən inkişaf haqqında məruzəni dinləməyə nəsib olacağına ümid etdiyini bildirib və deyib ki, həmin hesabatı təmiz vicdanla və tam səmimiyyətlə əsl inkişaf məruzəsi adlandırmaq olacaq. Büro və Daimi Komitənin bu sessiyada səslənən hesabatının müəllifi deputat İan Liddel-Qreiner müzakirələri yekunlaşdırarkən Azərbaycanda gedən demokratik islahatları alqışlayıb, bu islahatların ölkənin Avropa Şurası ilə səmərəli əməkdaşlığının uğurlu nəticələrindən biri olduğunu qeyd edib.

Gülnaz Qənbərli