
Heç bir ay deyil ki, ispaniyalı Jimena Rico və Misir doğumlu Şaza İsmail başqa gənc və gey cütlüklər kimi Londonda idilər. Onların eşqi burada çiçəkləmişdi. Lakin xanım İsmailin atasından gələn zəngdən sonra onlar ölüm hədələri ilə qarşılaşıb, beynəlxalq sərhədlərdən qaçmalı olub və türk həbsxanasına düşüblər.
Gununsesi.info-nun BBC-yə istinadən verdiyi xəbərdə deyilir ki, xanım İsmailin sözlərinə görə, onlar həbsxanada “gözlənilməz, qeyri-insani və dəhşətli münasibətlə” qarşılaşıblar.
Xanım Rico İspaniyada yaşadığı Torrox şəhərində kameralara tuş gəlib. Onun sözlərinə görə, bu əzab-əziyyət, sevgilisinin Dubayda yaşayan ailəsi onları məcbur ayırmağa cəhd etdikdən sonra başlayıb. “Mən başımıza gələnləri dilə gətirmək istəyirəm ki, homoseksual olduğuna görə təzyiqlərə məruz qalan çox sayda başqa insanlara kömək etmiş olum” xanım Rico onların hekayəsini eşitmək üçün toplaşmış müxbirlərə deyib.
Hər şey çox məsum başlayıb. 28 yaşlı xanımın sözlərinə görə, cütlük Londondan Dubaya apreli 14-ü uçublar. Buna səbəb isə xanım İsmailin atasının zəngi olub. O, qızın anasının xəstəxanada olduğunu deyib. “Amma, bu bir oyun imiş” Jimena Rico deyir: “O, bizi ölümlə hədələyib, lezbiyan olduğumuza görə həbs olunacağımızı dedi”.
Sevgilisi 21 yaşlı xanım İsmailə görə, o, ailəsi tərəfindən evdən çölə buraxılmayıb. Amma cütlük qaçmağı bacarıb. Onlar Gürcüstanın Tbilisi şəhərinə qaçıblar və buradan Londona qayıtmağı planlayırmışlar. Lakin onlarla xanım İsmailin ailəsi arasındakı 3000 kilometrdən artıq məsafə də cütlüyün təhlükəsizliyini təmin etməyib.
Xanım İsmailin atası aeroportda olub və Birləşmiş Krallığa qayıtmaq üçün vizası da daxil olmaqla, misirli qadının sənədləri mübahisə zamanı cırılıb. Xanım Rico deyir ki, gürcü rəsmiləri cütlüyü Türkiyə sərhədinə qədər müşayiət ediblər. İspaniya Xarici İşlər Nazirliyi bildirib ki, cütlük Türkiyənin şimalında yerləşən Samsun şəhərində həbs olunaraq İstanbula aparılıblar.
Türkiyədə üç gün həbsdə qaldıqdan sonra İspaniya Xarici İşlər Nazirliyi onların buraxılmasını təmin edə bilib. Onlar İspaniyaya qayıdıblar. Xanım Riconun ailəsi, cütlüyü böyük sevinclə qarşılayıb.
“Elə bilirdim ki, həbsxanadan azad ola bilməyəcəyik,” xanım Rico deyib: “Onlar mənim getmək icazəmin olduğunu dedilər, amma, mən onsuz ayrılmayacağımı bildirdim”.
Xanım İsmailin atası isə hadisələri başqa cür izah edir. Lakin Tbilisi aeroportuna gedərək qızına mane olmağa çalışdığını etiraf edir. “Dubaya gəldikdə mən qızıma qucaq açdım” adını bildirməyən ata, İspaniyanın Antena 3 telekanalına bildirib.
“O, Londonda qalmaq istədiyini deyincə mən, qayıtmasını istədim. O, lezbiyan olduğunu bizə ismarışla bildirmişdi və biz onunla bu haqda söhbət etmək istəyirdik. Qızım anasına ismarış yollamışdı”.
Xanım İsmailin atası deyir ki, qızına psixoloqa getməyi təklif edib və qızı da Dubayda qalıb təhsilini davam etdirməyə razılaşıb. Sonra isə atanın sözlərinə görə, qızı evdən yoxa çıxıb: “O, yoxa çıxdıqdan sonra polisə müraciət etdim. Bir dostum mənə Şazanın Tbilisidə olduğunu dedi və mən də onun qaçdığı və ya oğurlandığı barədə məruzə verdim”.
O, bildirib ki, Tbilisiyə vəkil ilə gedib. Lakin cırdığı sənədin qızının köhnə pasportu olduğunu təkidlə deyir.
Jimena Rico sevgilisinin atasının hərəkətinə bəraət qazandırır: “Mən başa düşürəm ki, atası onu sevir. Amma o qədər qapalı fikirlidir ki, anlaya bilmir”.
O, Şaza İsmail ilə evlənəcəyinə ümid edir. İspaniya dövləti cütlüyün azadlığını təmin edib və xanım İsmailə müvəqqəti viza verilib.


Gununsesi.info









