“Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Avropa institutları və ABŞ-la münasibətlərə dair səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini və dəyişən beynəlxalq reallıqlara yanaşmasını əks etdirir. Çıxışda diqqət çəkən məqamlardan biri əvvəlki Avropa Komissiyasının fəaliyyəti dövründə Azərbaycana qarşı formalaşdırılmış qərəzli münasibətin səbəblərinin açıq şəkildə ortaya qoyulması idi”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:
“Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun açıqlamalarına istinad olunması anti-Azərbaycan kampaniyasının təsadüfi deyil, müəyyən maraq dairələrinin təsiri altında həyata keçirildiyi barədə mövqeni daha da əsaslandırır.
Bunun fonunda yeni Avropa Komissiyası ilə münasibətlərdə müşahidə olunan müsbət dinamika xüsusi önəm daşıyır. Son aylarda Avropa İttifaqının ali rəhbərliyinin Azərbaycana səfərləri və siyasi dialoqun intensivləşməsi tərəflərin əməkdaşlığı qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək niyyətini nümayiş etdirir. Bu yanaşma Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik baxımından Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətini bir daha təsdiqləyir.
Çıxışın digər mühüm istiqaməti Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibəti ilə bağlı idi. Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi ölkəmizin suverenliyini tam bərpa etməsindən sonra qəbul edilmiş siyasi qərar kimi qiymətləndirildi və bunun hüquqi əsaslardan deyil, ikili standartlardan qaynaqlandığı diqqətə çatdırıldı. Bu kontekstdə Azərbaycanın mövqeyi aydındır: beynəlxalq təşkilatlarla əməkdaşlıq yalnız qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlər əsasında mümkündür.
ABŞ Konqresinin 907-ci düzəlişinə toxunulması da dəyişən geosiyasi şərait fonunda köhnəlmiş siyasi yanaşmaların artıq reallığı əks etdirmədiyini göstərir. Bu gün Azərbaycan regionda sülh gündəliyini dəstəkləyən, nəqliyyat və enerji təhlükəsizliyinə mühüm töhfələr verən dövlət kimi çıxış edir. Belə bir şəraitdə vaxtilə qəbul olunmuş məhdudiyyətlərin saxlanılması nə siyasi, nə də praktiki baxımdan əsaslandırılmış hesab edilə bilməz.
Ümumilikdə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən, eyni zamanda qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan xarici siyasət kursunun ardıcıl şəkildə davam etdirildiyini göstərən mühüm siyasi mesajlarla yadda qaldı”.
Şəbnəm










