Avropa İttifaqı ilə Azərbaycan arasında əsas prioritetlər razılaşdırıldı -SƏNƏD

  • Müəllif: admin
  • 12 İyul 2018 11:10

İyulun 11-də Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında «Tərəfdaşlıq prioritetləri» sənədinin paraflanma mərasimi olub.

Gununsesi.info xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini paraflayıblar. Bundan öncə isə Azərbaycan prezidenti İlham Əliyev Aİ Şurasının prezidenti Donald Tusk ilə görüşüb.

Aİ bildirir ki, tərəfdaşlıq prioritetləri Aİ-Azərbaycan münasibətlərində irəliyə vacib addımdır. Bu prioritetlər çərçivəsində əməkdaşlığın dörd əsas sahəsi müəyyənləşdirilir:

Dövlət qurumların gücləndirilməsi və yaxşı idarəçilik. Buraya korrupsiyayla mübarizə, dövlət administrasiyasında islahatlar və cinayətkarlıq və terrorçuluqla mübarizə qabiliyyətinin artırılması daxildir. İqtisadi inkişaf və bazar imkanları – buraya iqtisadiyyatın davamlı diversifikasiyası, ÜTT-yə üzvlüyə dəstək, biznes və investisiya mühitlərinin təkmilləşdirilməsi daxildir. Qarşılıqlı bağlılıq, enerji səmərələliyi, ətraf mühit və iqlim tədbirləri – enerji bağlılığı üzrə uğurlu əməkdaşlıq, Cənub Qaz Dəhlizi üzrə proqres bu çərçivədədir, Azərbaycanın ticarət, logistika, nəqliyyat habı qabiliyyətinə dəstəyi də əhatələyir. Mobillik, adamlar arasında kontaktlar – bu sahəyə isə təhsilə və insan kapitalına dəstək, Aİ və Azərbaycan vətəndaşlarının görüşməsi və təcrübələrini paylaşması üçün daha çox imkan yaradılması daxildir. Aİ bildirir ki, bu Tərəfdaşlıq Prioritetləri 2018-2020-ci illər ərzində tərəflərin maliyyə əməkdaşlığı üçün normativ baza rolunu oynayacaq.

O da vurğulanır ki, bu prioritetlər vasitəsilə Aİ və Azərbaycan ambisiyalı və hərətərəfli proqrama sadiqliklərini bir daha vurğulamış olurlar. Bu proqram Avropa Qonşuluq Siyasətinin dəyərlərini və prinsiplərini əks etdirir, buraya insan haqlarına, demokratiyaya və hüququn aliliyinə sayqı, vətəndaş cəmiyyəti ilə dialoq daxildir.

Hazırda tərəflər arasında yeni ikitərəfli razılaşma üzrə danışıqlar gedir. Aİ-nin bildirməsinə görə, Tərəfdaşlıq Prioritetlərinin yekunlaşması Aİ-Azərbaycan münasibətlərinin gücləndirilməsi niyyətini aydın ortaya qoyur. Məqsəd Azərbaycan xalqı və Avropa İttifaqından ötrü müsbət nəticələrə nail olmaqdır.

Tərəfdaşlıq Prioritetlərini Aİ və Azərbaycan rəsmən təsdiqləməli, daha sonra qəbul etməlidir.