2015-ci ildə hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərlə bağlı məsələ Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) gündəliyinə çıxarılıb.
Avropa Məhkəməsindən Gununsesi.info-nun elektron poçtuna göndərilən məlumatda Azərbaycan vətəndaşları Şamil Adil oğlu Abduləliyev və Aqil Azər oğlu İsmayılovun müraciətlərindən bəhs olunur.
Hər iki şəxs “Müsəlman Birliyi” hərəkatı ilə əlaqəli Nardaran hadisələri üzrə cinayət məsuliyyətinə cəlb olunmuş və məhkəmə tərəfindən müxtəlif cinayətlərdə təqsirli bilinərək azadlıqdan məhrum ediliblər.
2015-ci ilin noyabrında Nardaran qəsəbəsində keçirilən polis əməliyyatı zamanı qarşıdurma baş verib. Hadisə nəticəsində bir neçə nəfər həlak olub, çox sayda şəxs isə yaralanıb. Şamil Abduləliyev və Aqil İsmayılov da həmin əməliyyat zamanı xəsarət alan şəxslər arasında olublar. Həmin dövrdə onların cinayət işi üzrə məhkəmə prosesləri aparılıb.
Ərizəçilər AİHM-ə müraciətlərində bildiriblər ki, saxlanılmaları zamanı onlara qarşı həddindən artıq güc tətbiq edilib. Onlar həmçinin aldıqları xəsarətlərlə bağlı lazımi tibbi yardımın göstərilmədiyini və saxlanma müddətində pis rəftara məruz qaldıqlarını iddia ediblər.
Məhkəmə bu iddiaları Konvensiyanın 3-cü maddəsi – işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi, eləcə də 13-cü maddə – səmərəli hüquqi müdafiə vasitəsi hüququ ilə əlaqələndirib.
İddiaları araşdıran məhkəmə şikayəti təmin edərək, Azərbaycan hökumətinin hər bir ərizəçiyə mənəvi zərərə görə 10 min avro cərimə ödəməsi barədə qərar çıxarıb.
Qərarda, həmçinin məhkəmə ərizəçilərin şikayətlərini yazan vəkillər üçün də 1500 avro ödənməsi barədə hökumətin üzərinə öhdlik qoyub.
Günay
Gununsesi.info












