Avropa və Avro-Atlantik strukturlara inteqrasiyadan imtina bizi hara aparır? - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 14 Mart 2024 12:48

Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədliyi ilə bağlı qətnamə qəbul edib.

Ermənistanda demokratik hakimiyyətin formalaşmasından sonra aparılan ciddi islahatlar bu ölkənin artıq Avropa İttifaqına yaxınlaşması üçün ciddi əsaslar yaratdı.

Avropa Parlameninin sonuncu qətnaməsində də Ermənistandakı demokratik islahatlar alqışlanmaqla yanaşı, prosesin ciddi şəkildə davamına çağırış da əks olunub.

Təbii ki, Ermənistanın Aİ üzvlüyü üçün hələ tam hazır ölkə deyil.

Burada Ermənistanın Rusiyanın nəzarətindən tam çıxarılması prosesi açıq görünür.

Bu başqa mövzunun müzakirəsidir.

Ancaq Avropa İttifaqına yaxınlaşmaq Ermənistana uğurlu perspektv vəd edir.

Bugün Avropa İttifaqından alınan yüz milyonlarla yardımdan dövlətlə yanaşı bu ölkənin media quruluşları, vətəndaş cəmiyyəti də yararlanır ki, bu da erməni xalqının soisal təminatı deməkdir.

Müstəqilliyinin ilk illərindən Avropa və Avro-Atlantik strukturlara inteqrasiya kursunu seçən Azərbaycan bir sıra nailiyyətlər əldə etsə də sonradan ciddi geriləmənin şahidi olduq.

İndi təəssüflər olsun ki, Azərbaycan Avropa Şurasına üzv ölkələr içərisində insan haqlarının durumuna görə tənqid olunur.

Azərbaycanla Avropa  arasında yaranan gərginliyin səbəblərinə gəlincə, burada insan haqlarına hökumətin davranışı ilə yanaşı, həm də ölkəmizin suverenliyi məsələsində bizə qarşı olan mənfi münasibət oldu.

Bu, prezident İlham Əliyevin də dilindən bir neçə dəfə səsləndi.

Xüsusilə, Avropa Parlamentinin və Fransanın Qarabağ məsələsində qeyri-obyektiv mövqeyi bütövlükdə Avropanın insan haqları və demokratiya məsələsi ilə bağlı  haqlı mövqeyinə kölgə saldı.

Azərbaycanda son zamanlar azad mediaya qarşı aparılan siyasətin arxasında həm də bu amil dayanır.

Azərbaycan hökuməti bununla bir növ   Avropanın qisasını bu qitənin dəyərlərini bölüşən, onu təbliğ edən kəsimdən almış oldu.

Ancaq etiraf edək ki, bu bizi çox da uzaqda olmayan pis gələcəyə aparır.

Özünün Milli Təhlükəsizlik Konsepsiyasında Avropa və Avro-Atlantik strukturlara inteqrasiyanı əsas prioritet kimi seçən bir ölkənin bundan imtinasının şahidi oluruq.

Bəs, Azərbaycan insan haqları problemlərini həll etməzsə, gərginlik ölkəmizə  qarşı siyasi, iqtisadi sanksiyalara qədər uzanarsa, nə baş verər? 

Bu, qarşıda ölkəmizə yatırılmalı olan yüz milyonlarla sərmayədən məhrum olmağımız deməkdir. 

Bu, yeni nəsil texnoloji imkanlardan məhrum olmağımız  deməkdir.

Bu, qeyri-neft sektorunun hansı məhrumiyyətlərə düçar olması deməkdir.

Bu, Azərbaycanın Avropa banklarından kreditlərdən məhrum edilməsi deməkdir.

Bu, təhsil, səhiyyə və digər sahələrdə təsəvvürolunmaz itkilər deməkdir. 

Bu siyahını daha da uzatmaq olar.

Ən pisi isə onsuz da ictimai etimadını itirən məhkəmə-hüquq sisteminin tam məhv edilməsi olacaq.

Bugün Azərbaycan polisində 20 il əvvəl baş verən işgəncə faktları yoxdursa, burada Azərbaycanın özünü Avropa ailəsinin içərisində görməsinin rolu var.

Təsəvvür edin ki, artıq hökumətin beynəlxalq qurumlarla əməkdaşlığı bitib və nə baş verir.

Bugün Azərbaycanın qarşısında “Artıq Qarabağ boyda dərdimiz var” deyə bir gündəliyi yoxdur.

Ölkənin əsas prioriteti inkişaf eləmək, müasir dünya dövlətləri sırasına çıxmaqdır. Bu inkişaf isə Uqanda kimi dövlətlərlə dostluqdan keçmir.

Ona görə də Azərbaycan hökuməti Gürcüstan və Ermənistanın uğurlarına baxmalı,  “qonşudan qalma dala” prinsipi ilə hərəkət etməlidir.

Pərviz Həşimli

Gununsesi.info