Azərbaycanın Niderland Krallığındakı səfirliyinin attaşesi Nahid Muxtar oğlu Cəfərov 2015-ci il sentyabrın 12-də vətənə qayıtmaqdan imtina edərək Avropada qalıb.
Sabiq diplomat 2016-cı il martın 6-da Niderland Krallığının Amsterdam şəhərində “OYAN” Siyasi Hərəkatının əsası qoyub. Son zamanlar Nahid Cəfərovla Avropada yaşayan mühacirlıər arasında narazlıq yaşanır. N.Cəfərov ideya rəhbəri olduğu “OYAN” cəmiyyətinin ictimai proseslərə aktiv şəkildə qoşmağı nəzərdə tutduğunu, habelə, Hərəkatın İdarə Heyətinə və həm də Beyin Mərkəzinə kifayət qədər savadlı və peşəkar gənclər cəlb olunduğunu iddia etsə də digər mühacirlər bunun əskini deyir.
Gununsesi.info-nun xəbərinə görə, Avropada yaşayan mühacirlərdən Fikrət Hüseynli sosial şəbəkədəki səhifəsində N. Cəfərovu tənqid edib. O, yazır:
“Nə gözəldir, nə gözəl, oxuyursan (Nahid Cəfərov – indi müxalifətçi olmuş Azərbaycanın Nederlanddakı keçmiş konsulluq işçisi) Azərbaycan dövlətinin hesabına ADA-da təhsil alırsan, sonra yenə dövlətin hesabına gedirsən İsveçrədə diplomatiya məktəbi keçirsən. Sonra göndərilirsən Nederlanda konsulluq işçisi kimi. Azərbaycan dövlətinin vəsaiti hesabına bütün yaşayışın təmin olunur. İldə 4 dəfə paltarla təmin edilirsən. Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş Mirhəmzə Əfəndiyevlə bir yerdə qalırsan.
Atası ölüm ayağında olan şəxsə həyat yoldaşı siyasi mühacir olduğu üçün viza verməyi gecikdirirsən, adamın atası ölür, sonra viza verirsən. Bunun üçün “sağ ol” alırsan. Səfirlik önündə keçirilən aksiyalarda bizi videoya alırsan. MTN-ə ötürürsən. Sonra Eldar Mahmudovun tifağı dağılanda “like” etmədiyin statusa görə siyasi sığınacaq üçün müraciət edirsən. Səni yetişdirən dövləti başqa bir dövlətin yanında alçaldırsan. Nəhayət, sığınacaq alırsan. Sonra olursan müxalifətçi. Yazdığını müxalifətçilər dəstəkləyir.
Ali təhsili, dünyagörüşü olmayan, opportunist birini (Rəsul Mürsəlov) yanına alıb, mənim kimi illərin müxalifətçisinə, aktivistinə ləkə atmaq istəyirsən. Özünü oyanıq sanıb “OYAN” Təşkilatı yaradırsan. Obraz yaradırsan ki, guya xalq yatıb onu sən oyadırsan. Bir nəfəri (Ataxan Əbilovu) çıxmaqla bir-iki təhsilsiz, yarım ağıllını yığırsan yanına. Sonda da demokratik təsisaslar hesabına Azərbaycan söz azadlığı üçün yaradılmış Meydan TV-də oturub, xalqa ağıl verirsən.
Emin Milli, Həbib Müntəzir bunu dərc edir. Müxalifətçilər bunu “like” eləyir. Yazıq Azərbaycan, yazıq Azərbaycan dövləti. Bu dövləti, bu torpağı sevməsəydim, bir gün də bu cür alçaqlıqlar içində olan prosesdə iştirak etməzdim. Qapını çırpıb gedərdim. Maləsəf, Azərbaycan sevgisi, ölkəyə, xalqa olan sevgi məni susmağa, geri çəkilməyə qoymur. Bu üzdən dövlətimin belə alçadılmasına, xalqımın mübariz insanlarının belə dələduzların əlində oyuncaq olmasına dözə bilmirəm. Sizlər 100 oyun çıxara bilərsiniz, amma hər zaman Azərbaycan dövlətini, xalqını sevdiyim üçün məni qarşınızda görəcəksiniz. Alçaqlıqlara qarşı etirazım, qəzəbim sönməzdir!”
N. Cəfərovun Azərbaycanın Niderlanddakı səfirliyindəki vəzifəsindən və Azərbaycana qayıtmaqdan imtina etməsinə guya səbəb olmuş, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı keçmiş səfiri, hazırda Avropada mühacir həyatı yaşayan Arif Məmmədovla əlaqə saxlayıb məsələyə aydınlıq gətirdik.
-Arif bəy, 2015-ci ildə “Facebook”-da yazdığınız statusu bəyənən, şərh yazan diplomatlar iddia edirlər ki, hakimiyyət onlara qarşı kampaniyaya başlayıb. Siz özünüzü hakimiyyətin qurbanı hesab edirsinizmi?
-Birincisi, özümü hakimiyyətin qurbanı hesab etmirəm. Əksinə, bu vəziyyətdə kimin dost, kimin düşmən olduğunu görə bildim. Bu hadisədən əvvəl məni ölkə daxilində qohum-əqrabalarımla birlikdə 200-300 adam tanıyıdırsa, bu gün ölkədə və ondan kənarda on minlərlə insanlar məni tanıyır və mövqeyimi dəstəkləyir. Bu müddətdə digər dostlarla birlikdə hakimiyyətə qarşı ciddi mübarizə aparırıq. Avropada çox ciddi dayaqlara malik “AND” Hərəkatı yaratdıq və s.
– Sizinlə birlikdə bəzi diplomatlar da işdən azad edildiklərini iddia edirlər. Bunu isə əsasən sizin məçhur statusunuzu “like” etmələrini səbəb kimi göstərirlər. Bəziləri üzr istəyib işlərində qaldılar. Onlardan yalnız biri – Nahid Cəfərovun işdən azad edilmə səbəbi haqqında geniş müzakirələr gedir ki, əslində o, “like” edənlərdən də olmayıb. Onun sizin statusu “like” etmədiyini, sadəcə, prosesdən yararlandığını yazırlar. Bu, həqiqətənmi belədir?
-Tam düz buyurursunuz. Bəziləri alçaldıcı üzrxahlıq ərizələri yazaraq vəzifələrini qoruya biliblər. Bəziləri də Qərbdə sığınacaq alaraq sakit həyat yaşayırlar. Nahid Cəfərovla bağlı qeyd etdiyiniz kimi, həqiqətən də, o, mənim statusumu bəyənənlər siyahısında olmayıb. Diplomatik qalmaqaldan təxminən 3 ay, yəni, artıq məsələ sakitləşəndən sonra Nahid Cəfərov mənə zəng edib dedi ki, Azərbaycanın Nederland Krallığındakı səfiri onu yanına çağıraraq, öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazmağı təklif edib. Mənə bu məsələ çox qəribə gəldi. Ona görə ki, bilirdim ki o, mənim statusumla bağlı mövqe bildirməmişdi. Kiçik bir müddət, yalnız 3-4 ay XİN-də mənim rəhbərlik etdiyim idarədə işləmişdi. Mənim XİN-də 20 ilə yaxın diplomatik xidmət müddətində onlarla diplomat yanımda işləmişdi, amma məlum statusuma “like” qoyanlardan başqa heç birinə toxunmamışdılar. Buna baxmayaraq, mən ona dəstək verdim və Niderland hökümətinə Nahidlə bağlı dəstək məktubu yazdım.
-Yəni, onun Sizin statusunuzu bəyənmədiyi barədə deyilənlər həqiqətdir? Nahid Cəfərov “OYAN” adlı təşkilat yaradıb. Sizin bu qurumla bir əlaqəniz varmı?
-Bəli, qeyd etdiyim kimi, N. Cəfərov statusumu bəyənənlər sırasında olmayıb . “OYAN” Təşkilatı ilə heç bir əlaqəm yoxdur. Bir məqamı qeyd edim ki, “Turan” TV-nin rəhbəri Qənimət bəylə birlikdə “AND” Hərəkatı yaradanda və Milli Şura ilə birlikdə sıx əməkdaşlığa başlayandan sonra hansısa naməlum səbəblərdən Nahid Cəfərov mənə “AND”-dan və MŞ dan uzaqlaşmağı və yaratdığı “OYAN”a daxil olmağımı təkidlə təklif etməyə başladı. Mən bu təklifi rədd etdim.
-Bəzi mühacirlər onu başqa məqsədlərə xidmət etməkdə günahlandırır…
-Hakimiyyətlə uzun müddət mübarizə edən dostlar məni bir çox məsələlərdə daha ehtiyatlı olmağa çağırır. Eyni zamanda, indiki həssas durumda təbii ki, hər hansı bir fakt olmadan bu cür məsələlərdə daha diqqətli olmalıyıq. Bu üzdən də… Amma N. Cəfərovla bağlı məsələyə inanmaq istəməzdim.
Gülnaz Qənbərli
Gununsesi.info