
Son günlər cəbhədə təxribatlarını dayandırmayan düşmənə ordumuz tərəfindən bu gün layiqli cavab verilib.
Gununsesi.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, martın 2-nə keçən gecə Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərsə də, buna nail ola bilməyib. Cavab tədbirləri nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib.
Növbəti cavab əməliyyatlarında isə ermənilərə məxsus hərbi nəqliyyat vasitəsi və qərargah dəqiq atəşlə hədəf alınıb. Müdafiə Nazirliyi hər iki əməliyyatın videosunu ictimaiyyətə təqdim edib.
Axşam saatlarında isə düşmənə məxsus pilotsuz uçan aparat vurulub.
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə baş verən erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun 5 əsgərinin şəhid olması və bunun ardınca neytral ərazidə qalan əsgərlərimizin nəşinin ermənilərin bütün beynəlxalq qanunlara və konsensiyalara zidd olaraq, götürülməsinə şərait yaradılmaması ciddi narazılıq doğurmuşdu. Azərbaycan fevralın 27-də şəhidlərin nəşini neytral ərazidən götürdükdən sonra düşmən təxribatına qarşı ən sərt cavab tədbirlərinə başladı.
Fevralın 28-də Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərini möhkəmləndirmək məqsədilə zirehli texnikanı ön xəttə çıxarmağa cəhd göstərdiyi zaman dərhal məhv edildi.
Maraqlıdır ki, məhv edilən texnikanın və qərargahın video-görüntüləri yayılmasına baxmayaraq, bu vaxta qədər Ermənistan Müdafiə Nazirliyi ötən gün yalnız 1980-ci il təvəllüdlü bir mayorunun aldığın qəlbə yarasından öldüyünü açıqlayıb. Digər ölülər isə Ermənistan ictimaiyyətindən cidd-cəhdlə gizlədilir.
Hərbi ekspertlər düşmənin cəbhədə törətdiyi təxribat nəticəsində ölən əsgərləri barədə məlumatın gizlədilməsini Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərini göstərirlər. Ermənilərin hərbi itkisinin açıqlanması Sərkisyan rejiminin tamamilə iflasını şərtləndirər.
Çünki parlament seçkilərində qələbə qazanmaq üçün heç bir siyasi-iqtisadi uğuru olmayan, əksinə, hakimiyyəti dövründə Ermənistanı iqtisadi iflas həddinə çatdıran, dövləti rəsmi olaraq Rusiyanın bir quberniyasına çevirən və müstəqilliyi məhv edən Sərkisyan rejimi yalnız Qarabağ kartından istifadəyə ümid edə bilərdi ki, bu ümid də ötən ilin Aprel savaşlarında dəfn edildi. Ona görə də Sərkisyan cəbhədə qüvvələr nisbətini balanslaşdırmaq görüntüsünü yaratmağa cəhdlə seçkidə uğur qazanmaq niyyətindədir.
Gununsesi.info