Azərbaycan Atıcılıq Federasiyasının nümayəndələri mükafatlandırılıb – FOTOLAR

  • By admin
  • 25 Oktyabr 2021 20:03

21-22 oktyabr tarixlərində Kiprin Larnaka şəhərində Avropa Atıcılıq Konfederasiyasının XXVIII Baş Assambleyası keçirilib.

Vladimir Sergeyeviç Lisin Avropa Atıcılıq Konfederasiyasındakı prezidentliyinin fəaliyyətinə yekun vuraraq, 2009-2021-ci illərdə Avropada atıcılıq idmanının inkişafına ən böyük töhfə vermiş milli federasiyaları, eləcə də onların nümayəndələrini mükafatlandırıb.

Bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Atıcılıq Federasiyası “2009-2021-ci illər ərzində qonaqpərvərlik və Avropa yarışlarının mükəmməl təşkil olumasına görə” fəxri mükafatı ilə təltif edilib. “Bu mükafatı təqdim edən Vladimir Lisin qeyd edib ki, Azərbaycan Avropanın dörd ölkəsindən (Fransa, Rusiya və İspaniya ilə yanaşı) biridir ki, bu ölkədə istənilən dərəcəli beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait və infrastruktur yaradılıb.

Azərbaycan Atıcılıq Federasiyasının prezidenti cənab Vaqif Axundov Avropada atıcılıq idmanının inkişafındakı böyük xidmətlərinə görə “Fəxri Ulduz” ordeni ilə təltif edilib.

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Avropa yarışlarının ən yaxşı meneceri kimi “Fəxri Medal” ilə təltif edilib.

Mükafatlandırılma tədbirindən sonra Avropa Atıcılıq Konfederasiyasının prezidenti vəzifəsinə və digər vəzifələrə seçkilər keçirilib.

Avropa Atıcılıq Konfederasiyasının yeni prezidenti Alexander Borisoviç Ratner seçilib. Azərbaycan Atıcılıq Federasiyanın baş katibi Emin Cəfərov isə növbəti dəfə texniki komitənin üzvü seçilib.