Azərbaycan Avropa Şurasında - YAXUD, NÜMAYƏNDƏ HEYƏTİMİZİN İŞİNƏ SÖZARDI

  • By admin
  • 01 May 2023 09:00

AŞ PA-nın son sessiyası ötən dövrdəkilərdən Azərbaycan üçün mühüm bir məsələyə görə fərqlənirdi.

Çünki, bu dəfə gündəlikdə “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyi və təhdidlər” adlı dinləmələr nəzərdə tutulmuşdu.

Təbii ki, ölkə adına xoş olmayan bu mövzuya ermənilər də ciddi hazırlaşmışdı.

Açığı düşünürdüm ki, Azərbaycanın bu qurumdakı nümayəndə heyəti də müzakirələrə qatılacaq, müəyyən reaksiyalar göstərəcək.

Erkin Qədirli istisna olmaqla nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, onun komandasında olan Asim Mollazadə, Sevinc Fətəliyeva və Nigar Arpadari bu müzakirələrə qatılmadı.

Sessiyada baş verənlərdən yəqin ki, cəmiyyət xəbərdardır. Orada Azərbaycan Ermənistandan və digər ölkələrdən olan deputatların sərt tənqidi ilə üzləşdi.

Bəxtiyar Hacıyevin, Əvəz Zeynallının həbsindən tutmuş ölkədə yeni media  və siyasi partiyalar qanununun tətbiqindən sonra yaranmış durumdan danışanlar  hətta Azərbaycanın cəzalandırılmasına qədər təkiflər verdilər.

Sessiyada çıxış edən Erkin Qədirli  dinləmələrin adının doğru seçilməməsinə etiraz etsə də ümumilikdə insan haqları problemlərini etiraf etdi.

Bəlkə də azərbaycanlı deputatların bu müzakirələrdə deməyə sözləri olmadığı üçün iclasa qatılmamasına anlayış  göstərmək olar.

İllərdir ki, AŞ PA ilə işləyən jurnalist kimi  şahidi olmuşam ki, illər əvvəl Səməd Seyidovun timsalında vədlər verilib, hər şeyin dəyişəcəyi, demokratik islahatların zaman məsələsi olduğu ifadə olunub.

Amma ötən illər bu deyilənlərin əksini göstərdi. Görünür, həm də hörmətli Səməd müəllimin deməyə sözü, verməyə vədi olmadığı üçün həmin dinləmələrə qatılmayıb.

Bu arada Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyativiçlə də həmsöhbət oldum.

BUNA DA BAX:

 

İnsan hüquqları ilə bağlı çağırışlarımızı dinləmirlər, məşğul olmaq istəmirlər

 

Miyatoviç  “Vəziyyət onsuz da artıq ziyana uğrayıb. Söz azalığı, toplaşma azadlığı, jurnalistlərin azadlığı kimi məsələlərə gələndə, mən çox gözləyirəm, müxtəlif yollarla hökumətlə danışıram, həm də bəyanatlarım və məktublarımla bunu çatdırıram.  Təəsssüf ki, onlar dinləmirlər, onlar məşğul olmaq istəmirlər, onlar vəziyyəti dəyişmək istəmirlər” deyə pessimist notlarla danışıb.

İndi nə demək qalır…

Azərbaycan Avropa Şurasına böyük məbləğdə üzvlük haqqı ödəyir, bu qurumda Daimi Numayəndəliyimiz  (Səfirlik) fəaliyyət göstəririr, ildə 4 dəfə nümayəndə heyətimiz sessiyaya gedir, bundan əlavə qurumun ayrı-ayrı komitələri, konfranslarına nümayəndələr yollayırıq.

Bu, hesablayanda büdcə üçün böyük məbləğ deməkdir.

Əgər biz bu qədər vəsait xərcləyib  sonra da AŞ PA-dakı işimizdən hər hansı fayda görmürüksə, o zaman bu vəsaitləri çölə tökmüş hesab etmək olar.

Ancaq yaxşı olar ki, Azərbaycan hökuməti heç olmasa bu qurumun fəaliyyətinə ciddi yanaşsın.

Avropa Şurası dövlətlərarası təşkilatdır. Heç olmasa onu başqa qurumlarla qarışdırmasınlar.

Azərbaycan nümayəndə heyətinin bir davranışı da diqqətimi çəkdi.

Fasilələr zamanı Gürcüstan, Ermənistan, Ukrayna və sair ölkələrin deputatları foyedə öz ölkələrindən olan medianın qarşısına çıxır, danışır, öz cəmiyyətlərini məlumatlandırır.

Bizimkilər isə Səməd Seyidovun arxasında düzülüb, sessiyaya, oradan çıxandan sonra bufetə özlərini atırlar.

Açıqlama almaq istəyəndə isə “Səməd müəllim icazə vermir” tipli cavab eşidirsən.

Acınacaqlı mənzərədir, elə deyilmi?

Pərviz Həşimli

Bakı-Strasburq-Bakı