“Azərbaycan Hava Yolları”nın yeni “qara siyahı”sı AÇIQLANDI

  • By admin
  • 11 Dekabr 2017 15:24

Hazırda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “qara siyahı”sına 123 nəfər daxildir.

Gununsesi.info xəbər verir ki, bu barədə azvision.az-ın sorğusuna cavab olaraq AZAL-dan bildirilib.

Qeyd edilib ki, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır.

AZAL xatırladır ki, hava gəmisinin göyərtəsində sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir.

Uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır.

Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilir.

Qeyd edək ki, bu ilin sentyabr ayında açıqlanan məlumatda “qara siyahı”da 134 nəfərin olduğu bildirilmişdi. Sonuncu statistikada AZAL-ın 11 nəfəri siyahıdan çıxardığı görünür.

Gununsesi.info