Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə “Beynəlxalq Qastronomiya şəhərciyi”ndə təmsil olunur

  • By admin
  • 24 Sentyabr 2016 09:35

qast-1

Parisdə, Sena çayının sahilində 5 qitədən 38 ölkənin iştirakı ilə “Beynəlxalq Qastronomiya şəhərciyi” keçirilir.

Gununsesi.info xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan “Beynəlxalq Qastronomiya şəhərciyi”yində təmsil olunur. Şəhərcikdə Azərbaycan milli mətbəxinin nümunələri, müxtəlif növ şirniyyatlar ölkəmizin mədəniyyətini bir daha təşviq edir.

Qastronomiya şəhərciyində təmsil olunan hər bir ölkə milli adət-ənənələrinə uyğun bəzədilmiş məkanda musiqi və milli rəqslərlə müşayiət olunan mühit yaradaraq milli mətbəx nümunələrini təqdim edir.

Şəhərciyin açılışında Paris şəhər merinin və 7-ci rayon merinin birinci müavinləri, eləcə də iştirakçı ölkələrin səfirləri iştirak ediblər. Artıq 6-cı ildir təşkil olunan “Beynəlxalq Qastronomiya şəhərciyi” haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, “Beynəlxalq Qastronomiya şəhərciyi” bütün ölkələr arasında mədəni, iqtisadi və turizm sahələrində mübadilə üçün geniş imkan yaradır. Hər bir ölkənin öz milli mətbəx nümunələrini – xörəkləri, şirniyyatları, ədviyyat və müxtəlif təamlarını hazırlayıb təqdim etmək, zəngin mədəni irsini layiqincə təbliğ etmək imkanı olur.

Tədbirdə xörəklərin və içkilərin dequstasiyası və satışı ilə yanaşı, süfrə mədəniyyəti, milli sənətkarlıq nümunələri, geyim və bəzək əşyaları nümayiş olunur və musiqilər səsləndirilir.

Sentyabrın 25-dək davam edəcək şəhərcikdə müxtəlif ölkələrdən gələn məşhur aşpazlar ustad dərsləri təşkil edəcək, ləziz təamların hazırlanması qaydaları nümayiş olunacaq.

qast

Gununsesi.info