



Martın 9-11 tarixlərində Milli Məclisin (MM) Gənclər və idman komitəsinin təşəbbüsü və parlamentin dəstəyi ilə ilk dəfə olaraq 5 ölkənin – Azərbaycan, Türkiyə, Ukrayna, Polşa və Latviyanın deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək.
Gununsesi.info-nun məlumatına görə, futbol yarışı Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin yaradılmasının 100 illiyinə həsr olunub.
Oyunun əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, Azərbaycanın idman siyasətini tətbiq etməklə ölkənin mövqeyini beynəlxalq arenada möhkəmləndirmək, tanıtmaqdır.
Bu gün MM-də futbol yarışının püşkatma mərasimi keçiriləcək və memorandum imzalanacaq.
MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov ilk öncə tədbir iştirakçılarını spiker Oqtay Əsədovun adından salamlayıb və bildirib ki, tədbirin keçirilməsinə parlament rəhbərliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sənaye Palatası dəstək veriblər:
“Bildiyiniz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkədə “Cümhuriyyət İli” elan olunub və bununla bağlı Azərbaycanda bir sıra yüksək səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edim ki, 100 il öncə Şərq-Müsəlman aləmində çox mühum tarixi hadisə baş verdi, Azərbaycan 1918-ci ilin mayın 28-də müstəqilliyini elan etdi, bundan cəmi bir neçə ay sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti fəaliyyətə başladı. Odur ki, beynəlxalq futbol turniri də Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Parlamentinin 100 illiyinə bir töhfə olacaq”.
Komitə sədri onu da deyib ki, Azərbaycan artıq dünyanın idman ölkəsinə çevrilib:
“Ölkəmiz Avropa Oyunlarına, Formula-1 yarışlarına, İslam Oyunlarına və bir sıra digər nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edib. Bu, Azərbaycanımızın növbəti uğurudur. Hər sahədə böyük uğurlar, nailiyyətlər əldə edən ölkəmiz idmanda da böyük nailiyyətlərə imza atmaqdadır”.
H. NİHAT
Gununsesi.info












