Azərbaycan ikinci elm festivalı keçiriləcək

  • By admin
  • 13 Oktyabr 2016 15:48

elm_amea

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Akademiyadan Gununsesi.info-ya bildiriblər ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. A.Əlizadə AMEA-da aparılan elmi-tədqiqat işlərinin yekunları haqqında hesabatların hazırlanması ilə əlaqədar institutlarda və elmi bölmələrdə geniş müzakirələrin təşkil edilməsinin, mühüm elmi nəticələrin ciddi ekspertizadan keçirilməsinin vacibliyini vurğulayıb, bu məsələ ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Sonra A.Əlizadə oktyabrın 31-dən noyabrın 5-dək keçiriləcək Azərbaycan ikinci elm festivalının əhəmiyyətindən danışıb. Festivalın ölkədə elmin populyarlaşdırılmasında müsbət rol oynayacağı vurğulanıb.

AMEA-nın “Alimlər evi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva bildirib ki, festival Akademiyanın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Təhsil Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Moskva Dövlət Universitetinin və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə keçiriləcək.

AMEA-nın magistraturasına növbəti tədris ili üçün qəbul planı haqqında danışan A.Əlizadə bildirib ki, Akademiyada magistratura təhsili elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biridir.

Akademiyanın Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov “SABAH” qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi barədə danışıb. Bildirilib ki, Təhsil Nazirliyi bununla bağlı AMEA-ya məktub ünvanlayıb və Akademiya bu məktuba müsbət cavab verib.

Sonra iclasın gündəliyinə daxil olan məsələlər ətrafında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və digərləri çıxış ediblər.

Gununsesi.info