Azərbaycan nə zamansa Avropa İttifaqına üzv olacaqmı? - LEYLA ƏLİYEVA TƏHLİL EDİR

  • By admin
  • 19 Aprel 2019 23:01

Azərbaycanın tezliklə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa İttifaqı ilə tarixi saziş imzalayacağı gözlənilir. Bu istiqamətdə danışıqlar 2017-ci ilin fevralında başlanıb, lakin ən nikbin ekspertlər də prosesin tezliklə yekunlaşacağına əmin deyillər.

Ölkədə siyasi məhbusların mövcudluğu və siyasi islahatlara dair müddəalar da bu sənədə daxildirmi? Bu məlum olmadığı üçün qarşıdan gələn imzalamaya siyasi və vətəndaş cəmiyyəti qrupları narahatlıqla reaksiya verib.

Hələ 19-cu əsrin ortalarında Latın əlifbasını təbliğ edən Mirzə Fətəli Axundov, bundan yarım əsr sonra liberal konstitusiya əsasında ilk dövləti – Azərbaycan Demokratik Respublikasını quranlar Azərbaycanı davamlı şəkildə Avropanın bir parçası kimi görürdülər.

Bununla belə, post-sovet dövrü Azərbaycanın Avropaya inteqrasiyasının Azərbaycan Respublikası yaradıcılarının baxışları ilə o qədər də uzlaşmadığını göstərdi.

Aİ-Azərbaycan münasibətləri: Başlanğıcda hər şey yaxşı idi

Azərbaycan hazırda da, əsası 1990-cı illərdə respublikanın yaradıcıları tərəfindən qoyulmuş avropalaşma yolundadır. Avropanın çoxtərəfli təşkilatlarına qoşulmaqdan başqa, ölkə özünün bu istiqamətdəki daxili dəyişikliklərini də nümayiş etdirib: Latın qrafikası qəbul olunub, ölüm cəzası ləğv edilib və ölkə insan haqları sahəsində bir sıra mühüm konvensiyaları imzalayıb.

Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri 1999-cu ildə qüvvəyə minmiş Partnyorluq və Əməkdaşlıq sazişinə əsaslanır.

Bundan başqa Azərbaycan Aİ ilə enerji əməkdaşlığına dair ikitərəfli saziş bağlayıb.

Ən mühümü budur ki, Azərbaycanın liderləri Moskvanın mövqeyinə baxmayaraq, bütün 1990-cı illər ərzində Qərbə yönəlik cəsarətli siyasət yürüdüb.

Təkcə bunu demək kifayətdir ki, Azərbaycan bütün keçmiş sovet məkanındakı ölkələrdən daha tez sovet qoşunlarından xilas ola bilib, Qərblə neft kontraktı imzalayıb, Rusiyadan yan keçən boru kəməri çəkib, Avropa və ABŞ-ın enerji təhlükəsizliyinə dəstək verib və eyni zamanda Rusiyanın nüfuzunu əhəmiyyətli şəkildə neytrallaşdırıb.

Bəs nə oldu ki, Azərbaycanın Aİ-ə inteqrasiyaya marağı öldü?

Rusiya amili

Avropa İttifaqı Azərbaycanla Assosiasiya Sazişinə dair danışıqlara 2010-cu ildən başlasa da, 2013-cü ildə Azərbaycan rəsmiləri bu sazişin onlar üçün maraqsız olduğunu bildirdilər və əvəzində Avropa ilə yeni starteji əməkdaşlıq sazişi bağlaması təklifi ilə çıxış etdilər.

Bu, bir tərəfdən də partnyorlar arasında bərabər münasibətlər naminə assimmetrik münasibətlərdən imtina demək idi. Lakin bu həm də inteqrasiyaya yox, əməkdaşlığa maraq olmasının göstəricisi idi.

Bakının nəzərinə görə, strateji ənəkdaşlıq enerji təhklükəsizlyi şəklində reallaşmalı idi.

İlham Əliyev və Vladimir Putin

Beləliklə, 2006-cı ildə enerji partnyorluğunun çərçivəsi barədə Anlaşma imzalandı. Bütün bunlar həm də Aİ-Azərbaycan münasibətlərində müəyyən qərarsızlıq yaratdı. Tənqidçilər bildirirdilər ki, Avropa İttifaqı üçün bu münasibətlərdə enerji gündəliyi insan haqları və demokratiyanın yeridilməsi siyasətinin üzərinə daim kölgə salır.

Şərq Tərəfdaşlığının əksər üzvləri Aİ və NATO ilə münasibətlərinə görə, Rusiyanın sərt reaksiyası ilə üzləşməli oldular. Çox az adam inana bilərdi ki, Rusiyanın Krımı özünə birləşdirməsi Ukraynanın Avropaya can atdığı üçün cəzalandırılması deyildi.

Ermənistan prezidenti Serj Sarkisyan da 2015-ci ildə Avropa İttifaqı ilə partnyorluq sazişindən məhz Rusiyanın təzyiqi altında son anda imtina etmişdi. Çoxları 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsinin Moskvanın Tbilisinin NATO üzvlüyünə açıq meyllərinə reaksiyası olduğunu başa düşürdülər. Moskva spesifik siyasət hərəkətləri ilə işarə edirdi ki, yaxın qonşuluğunu özünün strateji maraqlar dairəsi hesab edir.

Bütün bu hadisələr Azərbaycanın Aİ ilə inteqrasiyaya marağını itirdiyi vaxtlara təsadüf etmişdi. Buna bir səbəb də Aİ-nin Gürcüstana Rusiya ilə qarşıdurmada verdiyi dəstəyin, Azərbaycana Qarabağ məsələsində verdiyi dəstəkdən xeyli güclü olması idi. Digər tərəfdən də Azərbaycanda elə bu dövrdə neft pullarının gəlhagəli başlanmışdı.

Avropa İttifaqının qonşuluğunda olan ölkələr 1990-cı illərin sonlarından anlamağa başlamışdılar ki, Qərb onları Rusiyanın hərbi hədələrindən qorumaq niyyətində deyil və bu problemlə sözügedən ölkələrin özləri məşğul olmalı olacaqlar. Buna görə də, Aİ-nin qonşuları Moskva ilə öz münasibətlərini belə bir vəziyyətdən çıxış edərək müstəqil qururdular. 2008-ci il Gürcüstan müharibəsi müstəqil qərbyönlü siyasətin gətirdiyi riskləri aşkar göstərmişdi.

Lakin Şərq Tərədaşlığının başqa üzvlərindən fərqli olaraq, Azərbaycan öz strateji cəzibədarlığından istifadə etmək və hər iki tərəfə interqrasiyadan kənar durmaq imkanı qazanmışdı.

Azərbaycanın ən əsas təhlükəsizlik problemlərindən biri isə Qarabağ münaqişəsi olaraq qalır. Qarabağa dair ən son danışıqlardan sızmalar isə göstərir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü formulunu elə də həvəslə qəbul etmir.

İslahat narahatlığı

Nəhayət daha bir faktor mövcuddur. Neftlə zəngin ölkələrin tarixi göstərir ki, petrodollarların axını bu ölkələrdə siyasətşünaslıq kitablarında yazıldığı kimi “təbii ehtiyatlar millətçiliyi” yaradır. Bu isə o deməkdir ki, geniş ehtiyatlara malik olmaları bir qayda olaraq belə ölkələrin hər hansı inteqrasiyaya müqavimətini gücləndirir.

Bakının hakim elitası başa düşür ki, inteqrasiya həm də islahatlar tələb edir və həqiqi və dərin islahatlar isə sonunda mövcud siyasi status quo-nu sarsıda bilər. Bu isə öz növbəsində mərkəzsizləşmə və inhisarsızlaşma, dolayısı ilə iqtidasdiyyat və siyasət üzərində nəzarətin itirilməsi deməkdir.

Buna görə də, təsadüfi deyildir ki, Avropa inteqrasiyası barədə skeptisizm Azərbaycanda 2000-ci illərin və 2010-cu illərin əvvəllərində, ölkəyə neft gəlirlərinin artdığı bir zamanda güclənib. Lakin həmin vaxt Avropaya şübhəli baxışı gücləndirən başqa hadisələr də baş verib. Bu müddətdə Rusiyanın aqressivliyi artıb və 2008-ci ilin martında Qarabağa dair qətnamənin qəbulu zamanı Avropa ölkələrinin davranışı Bakını məyus edib.

Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən bu qətnamənin səsverməsində Avropa ölkələri bitərəf qalıblar, Fransa və ABŞ isə sənədin ümumiyyətlə əleyhinə səs verib.

Lakin ehtiyatlarının kasadlığına, Rusiyanın təzyiqlərinə və ərazisinin kiçikliyinə baxmayaraq, Gürcüstan avropayönlü kursunu qoruyub saxlaya və assosiasiya sazişini imzalaya bilib. Eynilə Rusiyadan əhəmiyyətli şəkildə asılı olmasına, Rusiyanın regional təşkilatlarındakı üzvlüyünə baxmayaraq, Ermənistanın da yeni liderliyi Avropa İttifaqı ilə sazişi bağlaya bilib. Bu sazişdə siyasi islahatlara aid bölüm kifayət qədər genişdir.

Bu arada Avropa Parlamenti Avropa Qonşuluq Proqramına üzv ölkələrin ərazi bütövlüyünü dəstəkləyən bir neçə qətnamələr qəbul edib. 2010-cu ilin mayında qəbul edilmiş qətnamədə və 2019-cu ilin martında qəbul edilmiş tövsiyələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək verilib.

Hər şey iqtisadiyyata bağlıdır

Bütün bunlar, belə bir nəticəyə gəlməyə əsas verir ki, inteqrasiyaya marağın olmaması Azərbaycanda indiyədək dominant meyl olub. Hökumət mənbələrinin bildirdiyinə görə, bütün ötən dövr ərzində tərəflər iqtisadi məsələlərə dair danışıqlar aparıblar.

Aİ Azərbaycanın əsas ticarət partnyorudur, Azərbaycan isə Avropa İttifaqı enerji təhlükəsizlyinin mühüm təminatçılarından biridir. Burada söhbət ilk növbədə neft, qaz təchizatını və nəqliyyat kommunikasiyalarını ehtiva edən Cənubi Qaz Dəhlizindən gedir.

Avropa bazarlarını qazla təchiz edəcək TANAP kəməri 2020-ci ildə istismara veriləcək. Lakin Azərbaycan Dünya Ticarət Təşkilatının (DTT) üzvü olmadığından ticarət və iqtisadiyyata aid bütün məsələlərə dair danışıqlar aparmaq lazım gəlir. Şərq Partnyorluğunun DTT üzvü olan ölkələri üçün belə bir problem yoxdur.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun sözləri ilə deyilərsə, Azərbaycan bu danışıqlarda yerli məhsulunu qorumağa, xarici bazarlarda rəqabətlilyini təmin etməyə çalışır.

Lakin müstəqil mənbələr belə bir ehtimal irəli sürürlər ki, Azərbaycan ciddi islahatların oliqarx nazirlərin və yüksək vəzifəli rəsmilərin iqtisadi və siyasi monopliyasını sarsıda biləcəyinə görə, inteqrasiyaya müqavimət göstərə bilər.

Bəs cəmiyyətin nə rolu olub?

Yuxarıda sadalananlardan başqa Aİ ilə münasibətlərdə qərarların qəbuluna əhəmiyyətli təsir göstərən daxili faktorlardan biri də cəmiyyətin iştirakı məsələsidir. 2013-cü ildə Ukraynada baş verən hadisələr Avropa İttifaqı ilə inteqrasiyanın gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunu nümayiş etdirib.

Aİ bayraqları

Son vaxtlarda Avropa İttifaqı ilə aparılan danışıqlar Azərbaycan cəmiyyətində də nəzərəçarpacaq reaksiyaya səbəb olub. Buna həm də, rəsmilərin sözügedən sazişin 90 faiz hazır olduğunu və Bakının bu sazişi indiki Avropa rəsmilərinin vəzifə müddəti başa çatmadan imzalamaq istəməsini deməsi təkan verib.

Son həftələrdə bəzi siyasətçilər Aİ-ə çağırış edərək, siyasi məhbusların azad edilməsini, habelə sazişin mətninə əhəmiyyətli siyasi və iqtisadi islahatların daxil olunmasını sözügedən sazişin imzalanmasına şərt kimi qoyulmasını təlb edib.

Buna baxmayaraq, ifadə və sərbəst toplaşma azadlıqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığı, siyasi və vətəndaş cəmiyyətinin fəaliyyətlərinə nəzarətin olduğu bir ölkədə sazişin formalaşması üçün “aşağıdan təzyiq” kifayət gücdə ola bilməz. Bu da qeyd olunmalıdır ki, ölkənin vətəndaş cəmiyyəti 2014-cü ildə QHT-lərin üzərinə hücumlardan sonra hələ də özünə tam gəlməyib.

Bu dövrdə bir çox avropayönlü fəallar həbs edilib və onların hərəkətinə məhdudiyyət qoyulub.

Ölkənin gələcəyi Aİ ilə bağlıdırmı?

Avropa İttifaqı, əsası 2015-ci ildə qoyulmuş Avropas Qonşuluq Tərəfdaşlığı strategiyasına uyğun olaraq, hər bir ölkəyə fərdi yanaşmanı rəhbər tutur. Bu prinsip Azərbaycan rəsmiləri tərəfindən də böyük ruh yüksəkliyi ilə qəbul edilmişdi.

Azərbaycanla yekunlaşdırılmaqda olan sazişin necə olacağı ictimaiyyətə və vətəndaş cəmiyyətinə hələlik məlum deyil və bu, onlara prosesin nüfuzlu oyunçuları olmaq imkanı vermir.

Aİ və Bakı arasında razılaşdırılmış saziş 4 prioritetə əsaslanır və ümid etmək olar ki, bura ən azı diversifikasiya və iqtisadi islahatlar ən realist məqsədlər olaraq, mərhələli dəyişiklik şərtilə daxil edilib.

Bununla belə, Avropa ilə münasibətlər yalnız keçmiş kommunist elitasının (hətta bu elitanın neftdən sonrakı dövrə daxil olan ölkədə islahatların zəruriliyini anladığı təqdirdə belə) fərdi maraqları əsasında formalaşa bilməz.

Bu, müasir milli dövlətin modernləşmə tarixidir, lakin hakimiyyət indiyədək Avropa İttifaqı ilə münasibətlərində cəmiyyətin iştirakına geniş imkan yaratmayıb.

Belə bir şəraitdə cəmiyyətin texniki sənədlərlə tanışlıq imkanları da məhdud olub və bu səbəbdən də saziş müasir Azərbaycan xalqının kimliyinin əks etdirilməsi üçün çox az imkan açır.

Halbuki, bu kimliyin əsası hələ 20-ci əsrin əvvəllərində tarixən liberal və Avropa tipli qanunverciliyə əsaslanan demokratik respublikanın yaradılması ilə qoyulub.

Bu da aydındır ki, Aİ-yə inteqrasiya həlledici əhəmiyyətə malikdir, çünki burada söhbət Azərbaycanın müasir bir ölkə kimi salamat qala bilməsindən gedir.

Hazırda isə bu proses hakimiyyətin güclü təsiri altındadır, hərçənd onun müvəffəqiyyəti siyasi liberallaşma və islahatların reallaşdırılmasında cəmiyyətə onun layiq olduğu yerin verilməsindən asılı olacaq.

BBC/azeri